Əlcəzairin fəthi

33

Əlcəzairin və Fransanın tarixlərində oxşarlıqlar kifayət qədər çoxdur. İki ölkə arasindakı münasibətlərin tarixi inkişaf və tərəqqi ilə dolu olduğu qədər, arasıkəsilməz qanlı döyüş səhnələri ilə də doludur.

Əlcəzair – Fransa münasibətlərinin tarixi XVI əsrdən başlayır. Fransa kralının şəxsi göstərişi və Osmanlı sultanı ilə əvvəlcədən əldə edilmiş razılığa əsasən Əlcəzair limanında Fransa ticarət şirkəti yaradılır. Məqsəd Şimali Afrikada olan malların ən rahat şəkildə Fransaya və Avropaya ixrac edilməsi idi. Əlcəzair bəyliyinin İstanbuldan çox uzaq olması zamanla burda yerli aristokratiyanın inkişafına şərait yaratmış, Əlcəzair paşası nominal olaraq Osmanlı sultanına tabe olsa da əslində tam müstəqil siyasət yeridir, şəxsi silahlı qüvvələrinin sayını artırırdı. Əvəzində isə illik xəracını İstanbuldakı saraya göndərirdi.

Osmanlı sultanı da bölgədə tayfalararası münasibətləri qızışdırmamaq və stabilliyi qorumaq xətrinə yerli bəylərin və paşaların müstəqil siyasətini görməzdən gəlirdi. Bundan əlavə Əlcəzair bir digər faktora görə də Aralıq dənizi hövzəsində çox məşhur idi – dəniz quldurlarına görə. Əlcəzair quldurları artıq XIV əsrdən bəridir bütün ticarət gəmilərinin qorxulu kabusuna çevrilmişdi. Böyük və müasir yelkənli donanmaya sahib quldurlar fransız ticarət donanmasının da ən böyük baş ağrısı halına çevrilmişdi. İş o yerə çatdı ki, Kral XIV Lüdovik 1683-1688-ci illərdə quldur donanması ilə mübarizə məqsədilə xüsusi ekspedisiya təşkil etmişdi. Müvəqqəti olaraq hücumları dayandırmaq mümkün olsa da, ümumilikdə hücumlar XVIII əsrin sonlarına kimi davam etmişdi.

Fransada Bonapart çevrilişindən sonra Əlcəzair bəyi – II Həsən ona şəxsi təbrik məktubu göndərərək mehriban qonşuluq siyasətinin tərəfdarı olduğunu dilə gətirmişdi. Hətta Napoleonun Misir yürüşü zamanı Əlcəzair paşası onun ordusunu maddi cəhətdən – ərzaq və ləvazimatlarla təchiz etmişdi. Nəticədə Napoleon imperiyası Əlcəzair paşasına yüklü məbləğdə borclanmışdı. Müqaviləyə görə bu borc 30 il ərzində hissə-hissə qaytarılmalı idi, Lakin 1815-ci ildən sonra Bonapart birdəfəlik devrilmiş və Burbonlar taxta yenidən sahiblənmişdi. XVIII Lüdovik öz növbəsində bu müqavilənin qanunsuz olduğunu bildirmiş və Napoleonun borclarının Fransaya aid olmadığını açıq şəkildə Həsən paşaya bildirmişdi. Bu da öz növbəsində ikitərəfli münasibətlərin yenidən gərginləşməsinə səbəb olmuşdu.

Buna tolerantlıq göstərməyən III Həsən Fransız ticarət şirkətinin vergi haqqını 10 dəfə qaldıraraq dərhal ödənişin edilməsini tələb etmiş, əks təqdirdə şirkətin fəaliyyətinə son verəcəyi ilə təhdid etmişdi. Bu açıq-aşkar Fransaya müharibə elan etmək anlamına gəlirdi. Rəsmi Paris danışıqlara getsə də, Paşa heç bir güzəştə getmək niyyətində deyildi. Sonunda münasibətlərə son qoyan 1827-ci il insidenti baş verdi. Fransız konsulunun Paşa ilə audiyensiyası zamanı, Paşa borcların ödənilməyəcəyi cavabına bərk əsəbləşərək konsula saray əyanlarının içində şillə vurmuş bununla da onu alçaltmışdı. Əlcəzairin işğalı üçün bundan daha gözəl bir bəhanə ola bilməzdi. Paris yeni müharibəyə hazırlaşırdı.

Canlı əfsanə – Marşal Burmon…
Marşal Lui Oqüst Burmon
           Marşal Lui Oqüst Burmon

Paris əvvəlcə bir neçə hərbi korpusu Əlcəzairə göndərərək Paşanı sadəcə qorxutmaq niyyətində idi. 30.000 nəfərlik hərbi korpusa – piyada diviziyaları, süvari eskadronları və səhra artilleriyas daxil idi. (təxminən 112 ədəd ağır top). Ekspedisiyaya müharibə qəhrəmanı, məşhur qraf Burmon başçılıq edirdi.

Əlcəzair paşası isə 17.000 nəfərlik nizami qoşuna, 3.000 yaxın səhra-partizan dəstəsinə malik idi. O dövrkü ərəb paşasına görə bu kifayət qədər böyük qoşun idi. General Burmon müharibəni 10 günə sona çatdıracağına əmin olduğu üçün özü ilə çox miqdarda ərzaq və silah-sursat götürmüşdü. İlk toqquşmalarda fransızlar ərəbləri Sidi-Fərrux keçidində məğlub edərək dəhliz yolunu açmış oldular. Həsən paşaya vaxtında çatdırılan məlumat nəticəsində, paşa qoşunu yenidən bir araya toplayaraq əks-hücuma hazırlaşmağa başladı. Qoşuna paşanın kürəkəni başçılıq edirdi.

Gecə ikən fransız düşərgəsinə yaxınlaşan ərəblər ilk öncə güclü həmlələrlə onları geri otudzdura bilsələr də General Burmonun hərbi təcrübəsi öz sözünü yenə də dedi. Burmon son anda hərbi hiylə ilə ərəbləri geri püskürtdü. Məğlubiyyət çox ağr oldu. Ərəblər qoşunlarının çox hissəsini və artilleriyalarından tamamilə məhrum olub, geri çəkildilər. “Sultan Kalesi” üzərinə hücuma keçən general, 3 günlük döyüşlərdən sonra şəhəri fəth etdi. Həsən paşa öz qərargahı ilə birgə təslim oldu. Öz istəyi üzərinə İtaliyaya sürgünə göndərildi, qoşunu isə dağıdıldı və qalanı Osmanlı sultanının sərəncamına buraxıldı. Bu parlaq qələbədən sonra Burmon – Fransa marşalı rütbəsinə layiq görüldü.

Bununla da fransızların Əlcəzairdəki hərbi uğurlarına uzun müddət fasilə veirlmiş oldu. 1830-cu il çevrilişi ilə Burbonlar yenidən devrildi, Lui Filipp taxta çıxdı. Paris Əlcəzairdəki məsələlərlə çox maraqlanmadığ üçün yerli tayfalar yeni müharibə üçün yenidən bir araya toplanmağa başladılar. Marşal Burmonun bütün xəbərdarlıqlarına rəğmən, Kral onu geri çağıraraq Əlcəzair korpusuna General Klozeli baş komandan təyin etdi.

Əbdül-Qadir üsyanı və fransızların məğlubiyyəti
Əmir Əbdül Qadir
                           Əmir Əbdül Qadir

Əlcəzair xalq azadlıq hərəkatının ən parlaq səhifələri şübhəsiz, xalq qəhrəmanı Əbdül Qadirin adı ilə bağlıdır. Yerli tayfa başçılarından birinin oğlu olan Əbdül Qadir, öz dövrünün ən xarizmatik, ən təhsilli və ən cəsur adamlarından biri kimi bütün ölkədə ad çıxarmışdı. Hələ uşaq yaşlarından atasından dini təhsil alan Əbdül Qadir, 15 yaşında atası ilə Məkkə və Mədinəyə səfər etmiş, daha sonra dünyəvi təhsil almaq məqsədilə İstanbula, İtaliya, Avstriya kimi ölkələrdə olmuşdur.

Əbdül Qadiri savadından əlavə digər tayfa başçıları içərisində fərqləndirən onun cəsur və çox məharətli sərkərdə olmasında idi. Rus hərbi tarixçisi Keresonovskiy qeyd edirdi: “Allahın özü belə sanki Əlcəzairin taleyinə acımış və xalqa Əbdül Qadirin simasında misilsiz bir şəxsiyyət bəxş etmişdi. Əbdül Qadir öz güclü fiquru ilə texniki cəhətdən çox-çox üstün olan fransız qoşunlarını dəfələrcə məğlubiyyətə uğratmış, hətta öz təsiri ilə digər Ərəb monarxlarını da qorxu içində saxlamağa vadar olmuşdu” (Rus ordusunun hərbi tarixi, Petroqrad, 1899-cu il)

Marşal Klozelin başının xırda qələbələrə qarışdığı bir vaxtda ərəblər Əbdül Qadiri özlərinin başçısı təyin etmiş ona yerli qoşunlara başçılıq etməyi tapşırmışdılar. Kəşfiyyatın verdiyi xəbərlərdən ehtiyyat edən Klozel siyasi avantüraya əl atır. Tunis paşası ilə əlaqəyə keçərək ona hərbi dəstək əvəzində bir sıra ərazilər barədə vəd verdi. Şərtləri nəzərə alsaq bu müqavilə Fransızlar üçün çox əlverişli idi. Lakin Klozelin fəaliyyətini dəyələndirməyən Paris onu general Bertezenlə əvəz edir. Fransızların burda 30.000 nəfərlik hərbi birləşməsinin olmasına baxmayaraq Bertezen həlledici döyüşə girməkdən çəkinirdi.

Bunu fürsət bilən Əbdül Qadir qısa zamanda liderlik qabiliyyəti ilə bütün parçalanmış tayfaları bir araya toplayaraq yeni qoşun təşkil edir. Fransız hakimiyyəti ərəbl tayfalarının konsolidasiyasına hazır deyildilər. 1834-cü ildə bir neçə toqqşumada Əbdül Qadirin qalib gəlməsi ilə Fransızlar onun hakimiyyətini qəbul etməli oldular. İmzalanan müqaviləyə əsasən Fransa, Əbdül Qadiri Şəlif çayından qərbdəki ərazilərin Əmiri kimi tanımalı oldu.

Fransızların passivliyindən istifadə edən Əmir, Şelif çayını keçərək yeni müharibəyə hazırlaşır. Makta döyüşündə Əbdül Qadir, general Trezelin korpusunu hərbi hiylə ilə mühasirəyə alaraq tamamilə məhv edir. Makta rüsvayçılığı Parisdə çox ciddi qəbul edildi. Yeni baş komandan lazım idi. Marşal Klozel yenidən Əlcəzairə təyinat alır. Xidməti yerinə gəlib çatan Klozelin ilk planı sürətli əks-hücumla Əbdül Qadirin paytaxtı Maskara şəhərini zəbt etmək idi. 1835-ci ildə şəhər tutulsa da Əbdül Qadirin partizan müharibəsi nəticəsində 5 gün sonra Klozel şəhəri tərk etməli oldu. 1836-cı ildə Tlemsen şəhəri zəbt edilir. Bu dəmdə marşal Klozel Parisə qayıtmalı olur və general Darlanja korpusu tapşırır. Lakin onun getməsindən istifadə edən Əmir generalın qoşununu mühasirəyə alaraq tamamilə məhv edir.

Darlanjı ölümdən xilas edən gənc general Toma Büjo olur. İllər sonra əfsanəvi sərkərdəyə çevriləcək Toma Büjo hələ bilmirdi ki, Əlcəzairin “Fatehi” titulunu alacaq və şanlı Əmir Abdül Qadiri son döyüşdə məğlub edəcək. Fransa Kralına bu qorxunc Əmirlə mübarizə aparmağa razı salmaq məqsədilə Klozel rəsmi sənədlərlə çıxış edirdi. Bildirirdi ki, Əbdül Qadirin güclü qoşununa qalib gəlmək üçün fransız ordusunun sayı artırılmalı və artilleriya göndərilməlidir. Nəticədə istəyinə nail olur.

1837-ci ildə general Büjo yenidən Əbdül Qadiri məğlub edərək yeni sülh imzalamağa məcbur edir. Fransızlar əsas güclərini Konstantina şəhəri ətrafına keçirirlər. Sentyabr ayında şəhər fəth edildi. Əbdül Qadir isə hələ təslim olmamışdı, çünki yaxşı başa düşürdü ki, fransızlar müqaviləyə sona kimi əməl etməyəcək və yeni müharibə çox uzaqda deyil. Ona görə qoşunlarını yenidən toplamağa başladı və sayını 80.000 nəfərə çatdırdı. Digər tayfaların da qoşulması ilə 100.000 nəfərlik nizami qoşun artıq onun əmrində idi. O dövr ərəb tarixində, Xilafətdən bəri hələ heç bir ərəb tayfa başçısı öz bayrağı altında bu qədər insanı toplamağa müvəffəq olmamışdı.

Konstantinanın blokadaya alınması ilə fransızların baş qərargahla bütün əlaqələri kəsildi. Ərzaq və sursat çatışmazlığı öz sözünü deyirdi. General Valenin soyuqqanlığı nəticəsində şəhər əsas birləşmələrin gəlməsinə qədər təslim olmadı.

Mərakeş sultanı ilə görüş
Marşal Toma Büjo
               Marşal Toma Büjo

General Büjonun bütün fəaliyyətini nəzərə alan Paris, onu yeni komandan təyin edir. Yeni vəzifədə ilk tədbiri əlaqə yollarının bərpası olan Büjo Əmirə tabe olan tayfaları mühasirəyə alaraq onları bir-bir sıradan çıxarmağa başlayır. Əbdül Qadirin dayaqlarını zəiflətməyə çalışan Büjo buna demək olar ki, nail olur. Əmiri Şərqə doğru sıxışdıran Büjo onu təqib etsə də tuta bilmir. Əbdül Qadir Mərakeş sultanının sarayına sığınır. Sultan Əbdürrəhman Əmiri böyük təntənə ilə qarşılayır və ona sarayında sığınacaq verir.

Fransız qoşunu isə münasibətləri korlamamaq üçün Mərakeş ərazisinə müdaxilə etməkdən çəkinir. Bir müddət sarayda qalan Əbdül Qadir, Sultanı da özünə qoşulmağa və fransızlara qarşı cihad etməyə razı sala bilir. Əbdürrəhman silah və texniki məsələlərdə ona yardım edir. Yeni döyüşdə Fransa yenə qalib gəlir. Mərkeş ordusu ilk döyüşdəcə məhv edilir və əlavə olaraq fransız qoşunu Mərkeş ərazisinə daixl olur. Hakimiyyəti itircəyindən qorxan Əbdürrəhman gizlicə danışıqlara girir. Fransa ona Əbdül Qadiri təslim edəcəyi və qoşunlarını geri çəkəcəyi təqdirdə sülh sözünü verdilər.

Əbdül Qadir özünə sadiq qüvvələrlə Saxaraya doğru çəkilir. 1845-ci ildə böyük bir üsyanla yenidən Fransa protektoratlığına daxil olur. 1847-ci ilə qədər Əmir “cihad” etmək fikrindən qətiyyən dönmür. Müxtəlif ərazilərdə onun başçılığı ilə üsyanlar baş verir, fransız qoşununu çətin vəziyyətə salırdı. Sonunda tayfaların artıq gücdən düşdüyünü və məğlub olduğunu başa düşən Əbdül Qadir, toxunulmazlıq vədi ilə təslim olur. Fransa öz növbəsində bu böyük şəxsiyyətə ehtiramla yanaşır. Onu çox böyük hörmətlə Büjonun qərargahına çatdırırlar.

Marşal Büjo memuarlarında bu insanla tanış olmaq şərəfinə nail olduğu üçün çox xoşbəxt olduğunu xüsusilə qeyd edirdi. Əbdül Qadirin mahir strateq və sərkərdə olduğunu nəzərə alan fransızlar onu Parisə yola salrlar. Yeni monarx III Napoleon onu şəxsən qarşılamış, fransa vətəndaşlığı verərək tam azadlıq bəxş etmişdi. Hətta “Fəxri legion xaçı” və ömürlük pensiya ilə təmin edilmişdi. Əmir ömrünün son dövrünü Parisdəki evində elm və şəriətə dair elmi məqalələr yazmış hətta Sorbonna Universitetində də bir neçə dəfə mühazirə demişdir. O xüsusi icazə ilə Dəməşqə köç edir 1883-cü ildə burada vəfat edir.

Onun da ölümü ilə Əlcəzair növbəti 100 il ərzində fransız koloniyasına çevrildi.