Ağababa Rzayev – “Dərbənddən başlanan əzablı yol”

aa-228x228   Ağababa Rzayevin eyni adlı romanı azərbaycan əsilli dünya şöhrətli alim Mirzə Kazım bəyin həyat və yaradıcılığına həsr olunub. 

    Dərbəndin Şeyxül İslamının ailəsində dünyaya göz açan gənc Məhəmmədəli erkən yaşda anasını itirir və atasının himayəsində böyüyür. Sonradan atasının ikinci dəfə ailə qurması ilə birlikdə dünyaya ögey qardaşı Əbdülsəttar gəlir. Məhəmmədəli atasının da razılığı ilə mədrəsədə təhsil almağa başlayır. Ağlı və kamalı ilə yaşıdlarını çox qabaqlayan Məhəmmədəli müəllimlərini heyran edir. 11 yaşında ərəb, fars, türk dillərində sərbəst və mükəmməl danışır. Atası onun ilahiyyatçı sənətinə yiyələnməyini arzu etsə də Məhəmmədəli daha böyük hədəflərin arzusunda idi. 

    Dərbəndə gələn ingilis missionerlərin təsiri altında Məhəmmədəli xristian dinini və Aleksandr adını qəbul edir. Atası bunu öyrəndikdən sonra oğlundan imtina edir və oğlu doğma şəhəri tərk edərək təhsil almaq üçün Kazana yola düşür. 

     Bundan sonra romanda alimin Kazan Universitetindəki yaradıclığından, Lobaçevski və A.Fuks ilə ailə dostluğundan, qarşısına qoyulan maneələrdən və alimin təhsil uğrunda apardığı mübarizədən söhbət açılır. 

     Romanda çatışmayan faktlar olsa da Mirzə Kazım bəy irsinin öyrənilməsi uğrunda atılan effektiv bir addım kimi qəbul etmək olar. Kitabı bütün kitab mağazalarından əldə edə bilərsiniz.