Ahmet Ümit – “Beyoğlunun en güzel abisi”

ahmet-umitin-son-romani-beyoglunun-en-guzel-abisi

Kitab haqqında yazdığım hər bloq postda dedektiv janrını elə də bəyənmədiyimi qeyd edirəm. Lakin türk yazıçısı Ahmet Ümitin stilinə gəldikdə işlər tamam dəyişir.  Özünəməxsus qələm stilinə malik olan Ahmet Ümitin romanlarının axıcı dili, bədii üslubu, dili tamam fərqlidir. Oxuduğunuz hər romanda sizi içinə çəkən süjet xətti və bütün romanların baş qəhrəmanı olan “Baş komiser Nevzat”.

“Beyoğlunun en güzel abisi” romanı, yeni il gecəsi İstanbulun vaxtilə ən elitar təbəqəsinin yaşadığı Tarlabaşı küçəsində baş verən əsrarəngiz cinayətdən söz açılır. Yaşadığı məhəllənin ən yaraşıqlı və eyni zamanda ən sirli və ən qaranlıq adamı olan Engin Akça bıçaq zərbəsi ilə qətlə yetirilir. İstintaq prosesi İstanbulun ən tanınmış tədqiqatçılarından olan Nevzata tapşırılır. 

Nevzat hadisələri bir-birinə calamağa başlayır və ortaya bir biri ilə uzaqdan-yaxından əlaqəsi olan başqa cinayətlər üzə çıxır. Həqiqət isə utanc vericidir.  Kazino mafiyasının əlində oyuncağa çevrilən sadə insanlar, əşya kimi satın alınan gənc qızlar və bütün bu iyrəncliklərə göz yuma bilməyən xəfiyyə. Engin Akçanın ölümünün arxasında böyük oyunların və milyonlarla çirkli pulların olduğunu güman edən əsərin qəhrəmanları sonunda heç gözləmədikləri bir sonluqla qarşılaşır. Engin Akçanın ölümü heç də hamının təsəvvür etdiyi kimi mafiya oyunu yox, Əzizə adında yetkinlik yaşına çatmamış bir qızın taleyi ilə bağlı imiş.

Roman dedektiv janrını xatırlatsa da tam olaraq bu janra aid edilə bilməz. Kitabda köhnə İstanbulun vəziyyəti, şəhərdə vaxtilə mövcud olmuş rum və erməni məhəllələrindən maraqlı məlumatlar verilir. 1960-cı illərdə baş qaldıran türk milləyçililyi nəticəsində İstanbuldan sürgün edilən rumlar və onların acı taleyi. 

Kitabı hər bir kəsə tövsiyə edirəm. “ALİ və NİNO” kitab mağazalarında tapa bilərsiniz.