Emrah Safa Gürkan – Sultanın Casusları

Türkiyəli tarixçi professor, Emrah Safa Gürkanın qələmə aldığı “Sultanın Casusları” kitabı tarixi araşdırma janrında qələmə alınmışdır. Kitab XVI əsrdə Osmanlı İmperiyası ilə Habsburqlar İmperiyasının Avropada və Şimali Afrikada, habelə Aralıq Dənizində yaşadığı qarşıdurmalardan, məşhur dəniz döyüşlərindən və Osmanlı himayəsi altında bu bölgədə dəhşət saçan dəniz quldurlarından – Xeyrəddin Barbaros, Turqut Rəis, Ulu Ali, Həsən Rəis və b. bəhs edir.

Kitabın adından da göründüyü kimi əsər dövrün böyük imperiyaları və onların müxtəlif qitələrdə yaradılan casusluq şəbəkələrinin tarixini oxucuya çatdırır. Müəllifin araşdırmalarına görə o dövrün ən yaxşı mərkəzləşdirilmiş casus şəbəkələri Sultan Süleyman Qanuni zamanında Habsburqlar monarxiyasına qarşı yaradılmışdı. Məqsəd müsəlmanlaşdırılmış xristian casuslar, bəzən isə fransız, ispan, macar millətlərindən olan muzdlu casusların vasitəsilə Avropada məlumat toplamaq idi.

Müəllif oxucularına diqqətinə olduqca maraqlı tarixi faktlar gətirir. Bu faktlar arasında Osmanlı sarayında Qanuni Süleyman dövründə yaranan rüşvətxorluq şəbəkəsi haqqında, bəzi tanınmış Osmanlı paşalarının Habsburqlar lehinə ölkədə gizli təxribat işləri ilə məşğul olması kimi diqqəti cəlb edən məlumatlar yer alır. Kitab tarix sevənlər üçün maraqlı mənbə sayıla bilər. Bununla da kitabın çatışmaz cəhətlərindən biri Habsburqlar İmperiyasının kəşfiyyat sistemi haqqında detallı bilginin verilməməsidir.