Fawzia Koofi – “İstəkli qız övladı”

"The Favored Daughter"
         “The Favored Daughter”

Bu dəfə kitab rəfimdə “mübariz qadın” seriyasından əfqan əsilli siyasətçi və Əfqanıstan Parlamentinin (Loya Cirgə) vitse-spikeri Fəvziyə Kufinin xatirələri var.

Fəvziyə Kufi əslən Əfqanıstanın Bədəxşan vilayətindən, qeyri-puştun siyasətçi ailəsində dünyaya gəlmişdir. Atası Vəkil Əhməd Bədəxşan vilayətini Zahir Şahın parlamentində təmsil etmiş və öz həmyerliləri arasında böyük hörmət qazanmışdı. 1978-ci ildə Zahir Şahın devrilməsi ilə bir müddət Respublika Parlamentində vəzifə tutan Vəkil Əhməd yeni hökümətin irqi ayrı seçkilik siyasəti nəticəsində vəzifədən kənarlaşdırılır. Çox zaman keçmir ki, ölkə vətəndaş müharibəsinin meydanına çevrilir. Mücahidlər həm istəmədikləri hökümət həm də SSRİ işğalına qarşı amansız mübarizəyə girişirlər.

Bütün bu hadisələr Fəvziyənin uşaqlıq və gənclik illərində baş verdiyi üçün ona təsirsiz ötüşməmiş və gələcəkdə siyasi karyera qurmasına səbəb olmuşdu. Sonrakı hadisələr artıq onun ali təhsilinə və ölkədə Taliban hərəkatının yaratdığı fəsadlara qarşı mübarizə cəhdlərindən, yenicə ailə qurduğu oğlanın Taiban “məhkəməsi” tərəfindən edam edildiyi dövrləri əhatə edir.

Bütün bu çətinliklərə baş əyməyən Fəvziyə bu gün də siyasi mübarizəsini davam etdirməkdədir. Taliban hərəkatının ən amansız təqibçilərindən və tənqidçilərindən olan bu xanım, Əfqanıstanda qadına haqları uğrunda, qadınların azad təhsil alması uğrunda mübarizəsini davam etdirməkdədir.

Kitab bir mübariz qadının həyatından bəhs edir, olduqca axıcı dilə malikdir.