Firas Alkhateeb – Lost İslamic History

51mh7IBupPL._SX316_BO1,204,203,200_Bu həftə kitab rəfimə gənc ərəb tarixçisi Firas Alkhateeb-in “Qeyb olmuş İslam Tarixi” (The lost İslamic History) kitabını əlavə etdim. Müəllif İslam tarixi üzrə ABŞ-ın nüfuzlu Çikaqo Universitetində dərs deyir. Kitabın adı isə onun uzun illər müəlliflik etdiyi “The lost İslamic History” bloqundan götürülüb.

Kitab İslam dinin yaranması tarixindən, onun meydana gəlməsini zəruri qılan amillərdən, dinin Ərəb yarımadasından çıxıb digər geniş coğrafiyalara yayılmasından və s. amillərdən ətraflı şəkildə söz açır. Müəllifin qələmə aldığı bu kitabın əsas üstünlüyü onun artıq hamıya məlum olan tarixi prosesləri fərqli bir şəkildə oxucuya çatdırmasıdır. Müəllif tarixi faktları üzə çıxarmaqla birlikdə oxucunu düşündürən suallar da verməyi unutmayıb.

Növbəti fəsillər İslamın “Qızıl dövrü”ndən, onun Şimali və Qərbi Afrikada, Mərkəzi Asiyada, Hindistanda və Cənub Şərqi Asiyada necə və niyə kök salmasından bəhs edir. İslamın qızıl dövrü ilə bağlı fəsli oxuduqda əslində nə qədər çox şeyin unudulduğunu və gözardı edildiyini anlamaq mümkün olur. Kitabın ingilis dilli və türk dilli versiyaları da mövcuddur. İslam tarixi haqda dolğun bilgilər almaq istəyən hər kəsə kitabı tövsiyə edirəm.