Rəcəb Şəntürk – Malkolm X

Türkiyəli sosioloq və İbn Haldun Universitetinin professoru Rəcəb Şəntürkün qələmə aldığı Malkolm X kitabı mənə görə araşdırma və ya əsər yox “esselər toplusunu” daha çox xatırladır. Çünki kitabın içindəki ayrı-ayrı hissələr Malkolm X-in həyatının fərqli dövrlərinə nəzər salaraq onları müqayisə etməyə çalışır.

Qısaca, Malkolm X, XX əsrdə ABŞ-da yaşayan qaradərililərin (müsəlmanların) irqi-ayrı seçkiliyə qarşı apardıqları mübarizənin ən parlaq  liderlərindən biri olmuşdu. Gənc yaşlarda “İslam Milləti Hərəkatına” üzv kimi qoşulan gənc Malkolm qısa vaxt ərzində liderlik və yüksək natiqlik qabiliyyəti sayəsində hərəkatın liderinə çevrilir. Müsəlman adı ilə Hacı-Malik al Şabaz adlandırılan Malkolm, ilk dövrlər ağdərili insanlara qarşı çox radikal mövqedə dayanmış və onlarla hər hansı bir kontaktı qəti şəkildə pisləmişdi. Buna baxmayaraq, Həcc ziyarətindən sonra Malkolm daha liberal mövqe nümayiş etdirərək əvvəlki radikal ideyalarından müəyyən qədər uzaqlaşa bilmişdi. O, 1965-ci ildə öz təşkilatının üzvləri qarşısında çıxış edərkən naməlum şəxslər tərəfindən hamının gözü qarşısında qətlə yetirilir. Cinayətin üstü hələ də tam açılmayıb.

R.Şəntürkün qələmə aldığı kitab ABŞ-da cərəyan edən irqçi-millətçi prosesləri fərqli bir baxış açısından oxucuya çatdırmağa çalışır. Fərqli-fərqli qaradərili hərəkatları və onların ideyaları müqayisə edilir. Kitabın mənfi cəhəti odur ki, Malkolmun və digər parlaq lider Martin Lüter Kinqin hərəkatı arasındakı əsas fərqləri oxucuya çatdıra bilməməsidir. Bu haqda müəllif daha geniş analiz versəydi oxucunu daha çox məlumatlandırmış olardı. Bununla belə başlanğı üçün kitabı hər bir oxucuya tövsiyə edirəm.