Rəcaizadə Mahmud Əkrəm – Fayton Sevdası

Bu həftəki kitab resenziyam klassik türk ədəbiyyatının ən tanınmış simalarından biri olan Mahmud Əkrəmin “Fayton Sevdası” romanıdır. Rəcaizadə Mahmud Əkrəm Osmanlı dövrü türk ədəbiyyatının ən böyük ədiblərindən və maarifçilik hərəkatının əvəzolunmaz simalarından biridir. Namiq Kamalın təsiri ilə dövrün məişət problemlərini əsərlərində işıqlandıran Mahmud Əkrəmin bu qəbildən olan əsərləri arasında “Fayton Sevdası” (Araba Sevdası) romanı məxsusi yer tutur.

Əsər XX əsrin əvvəllərində Osmanlıda ortaya çıxan “Avropa təhsilli” gənclərin öz cəmiyyətlərinə və insanlarına necə yuxarıdan aşağı baxması, Fransızdilli aristokratların türk dilini aşağılaması və təhqir etməsi kimi problemləri oxucunun diqqətinə çatdırır. Baş qəhrəman Bəhruz bəy də bu gənclərdən biridir. Varlı bir ailənin mənsubu olan Bəhruz bəy evində şəxsi müəllimlərdən dərs almış bir gəncdir. Özünü fransız dilli kimi göstərməyə çalışsa da əslində fransız dilində danışa bilmir. Bəzi kəlimlələrdən istifadə edərək kənar yerlərdə özünün necə intelligent sima olduğunu sübut etməyə çalışır.

Bəhruz bəyin bir digər məşğuliyyəti də İstanbulu öz faytonu ilə gəzib dolaşmaqdır. Belə gəzintilərin birində o adını bilmədiyi bir gənc qıza aşiq olur və onunla görüşə bilmək üçün hər cür yola əl atır. Məhz bundan sonra da əsərin kulminasiya nöqtəsi başlayır.

Əsər bizim yerli oxuculara tanış olan M.F.Axundzadə və M.Ə.Sabir üslüblarını çox xatırladır. Cəmiyyətin içində baş verən problemləri, cahilliyi və fırıldaqçılığı Mahmud Əkrəm özünə xas dildə oxucu ilə bölüşür.