Sergey Svetkov – “XII Karl”

1501745_782643055094843_1007299119_nRusiyanın ən qabaqcıl tarixçilərindən biri olan Sergey Svetkov hər zaman özünün xüsusi araşdırma tərzi ilə tanınmışdır. Daha əvvəl heç bir araşdırmaçı tərəfindən araşdırılmayan mövzular üzərində işləyərək onları gün işığına çıxaran yazıçı “XII Karl” tarixi romanında Rusiya İmperiyasının yaranması, inkişafı, I Pyotr islahatları və onun daxili siyasətdəki fəaliyyəti və nəhayət XVIII əsr Şimali Avropasının o cümlədən bütün Avropanın ən qüdrətli ordusuna malik İsveç kralı XII Karla qarşı “Şimal müharibəsi”nə daxil olduğu dövrlər çox ətraflı şəkildə təsvir olunur.

Əsər gənc və tükənməz enerjiyə malik İsveç şahzadəsi Karlın uşaqlıq illərinin təsviri ilə başlayır. Taxtın yeganə varisi olan Karl çox gözəl, hazırcavab, elmə maraqlı, inanılmaz fiziki gücə malik və çox sağlam bir şahzadədir. Eyni zamanda kifayət qədər kobud, eqoist və özündən razı olan gənc Kral daim şiddətli müharibələrə göz qırpmadan atılır və bu uğurda itirdiyi saysız-hesabsız əsgər ölümlərini heç vaxt özü üçün böyük itki saymırdı. Şimal Müharibəsinin illərlə uzanması Karlın möhtəşəm ordusunu taqətdən salmış və əsgərlər arasında öz krallarına qarşı dərin nifrət və təəssüf hiss yaratmışdı. 

Yazıçı nə qədər neytral mövqedə qalmağa cəhd etsə də əsərin müəyyən hissələrində ruspərəst mövqe hiss olunur. Əsərin müsbət cəhəti xronoloji ardıcıllığın çox səliqəli bir şəkildə gözlənilməsi və hər bir tarixi fiqurun bioqrafiyasına diqqət yetirilməsidir. İllərə və hərbi itkiləri təsvir edən rəqəmlərə də xüsusi önəm verilib. 

Mənfi cəhəti sonluğa doğru kitabın daha da sıxıcı və rəngsiz səhnələrlə dolu olmasıdır. Müəllif əsərin sonunu daha canlı vermək yerinə mənasız və mövzuya aidiyyatı olmayan xəyallara yer vermişdir. 

Kitabı satışda tapa bilməyənlər elektron formasını yükləyə bilərlər.