Xaləddin İbrahimli – Azərbaycan Mühacirəti Tarixi

Yenicə oxuyub bitirdiyim kitablar sırasında azərbaycanlı tarixçi Xaləddin İbrahimlinin “Azərbaycan Mühacirəti Tarixi” kitabı məncə xüsusi diqqətə layiqdir. Kitab əsasən XIX əsrin sonlarında Azərbaycanda yaranan ictimai-siyasi fikirdən, yenicə qurulmağa başlayan siyasi partiya v təşkilatlardan bəhs edir.

Kitabın sonrakı hissələri Rusiya İmperiyasının süqutundan sonra Azərbaycan “Müsavat Partiyasının” siyasi arenaya çıxması və nəticədə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından bəhs edir. Sözsüz ki, AXC-nin müstəqilliyini elan etməsi Azərbaycan tarixçiliyinin ən parlaq və şərəfli səhifələrindən biridir. Bu baxımdan da onun irsinin öyrənilməsi və tədqiqi zəruri olduğu qədər də çətindir. Xaləddin İbrahimlinin mənbə kimi istifadə etdiyi sənədlər arasında Cumhuriyyət xadimlərinin bir-birinə ünvanladığı məktublar, teleqramlar, xarici dövlətlərlə aparılan danışıqların stenoqrammalar var.

Kitabın müsbət cəhəti onun Cumhuriyyət haqqında az bilinən faktları özündə cəmləşdirməsidir. Bu xüsusda M.Ə.Rəsulzadənin o dövrdə qələmə aldığı məqalələrə və çıxışlara xeyl istinadlar tapmaq mümkündür. Bundan əlavə AXC-nin süqutundan sonra Azərbaycan siyasi mühacirlərinin Avropada işğalçı bolşevik rejiminə qarşı apardığı mübarizə, Müsavat daxilində fikir ayrılıqlarının yaranması və Azərbaycanlılar arasında siyasi mühacirət ənənələrinin populyarlaşmasından da ətraflı söhbət açılır.

Düşünürəm ki, kitab elmi iş üzərində işləyənlərə və həmçinin tələbələr üçün faydalı mənbə sayıla bilər.