Mali “əməliyyatı”

imagesFransanın Maliyə hərbi intervensiyası ilə birgə bir çox qərbli ekspert bu aktı keçmiş koloniyaya dönüş kimi qiymətləndirdi. Həyata keçirilən bu əməliyyat AB ölkələrinin enerji məsələsində nə qədər həssas olduqlarını bir daha sübut etmiş oldu. Hərbi əməliyyatı digər bütün əməliyyatlardan fərqləndirən əsas amil – Amerikanın bu məsələdə qismən bitərəf qalması idi. Bundan daha öncə rəsmi şəkildə əməliyyatlarda iştirak etmək kimi marağının olmadığını bildirmiş, lakin hərbi sursatla yardım etməyi qəbul etmişdi. Buna görə də AB, Malidəki maraqlarını müdafiə etmək üçün Fransanın bura hərbi müdaxiləsinə yekdilliklə razılıq verdilər.

Bu gün milyonlarla Avropa sakini  Əlcəzairdən idxal edilən təbii qaz hesabına ehtiyaclarını təmin edir. Avropa enerji sektorunun Əlcəzairdən əlavə, Nigerdən əldə edilən uraniuma olan ehtiyacını da nəzərə alsaq o zaman Şimali və Mərkəzi Afrika regionunun bu kontinent üçün nə qədər həyati əhəmiyyət daşıdığını anlamaq güc deyil. Bu amilləri göz önündə bulunduran qəzetlər müdaxiləni bir növ “iqtisadi müharibə” olduğunu bildirdilər. Bu vasitə ilə “Köhnə Dünya” özünün ehtiyac duyduğu resurslara çıxış əldə edəcək və Liviyada Polkovnik Qəddafinin devrilməsindən sonra baş alan radikal islamçı hərəkatın da qarşısını ala biləcək. Bundan 3 il öncəyə kimi Liviya rəhbərinin təşəbbüsü ilə bütün islamçı hərəkatlar qitədə vahid bir məqsəd uğrunda çarpışdıqları halda, inqilabdan sonra hərəkatın məqsədi və tərzi tamamilə dəyişdi. Bu tip təşkilatlar ilk ciddi təhlükəni 2012-ci ilin ortalarında Əlcəzair (Rusiya və Norveçdən sonra Avropanın 3 nömrəli qaz ixracatçısı) sərhədi boyunca olan əraziləri ələ keçirərək törətmişdi.

Malini Fransanın hədəfinə çevriən əsas amil ölkədəki zəngin neft və qızıl yataqlarıdır. Qızıl yataqları sayəsində Mali Afrikanın ilk qızıl ixracatçısına çevrilmiş və aparıcı qərb şirkətləri ilə əməkdaşlıq müqaviləsi imzalamışdı. Şirkətlər arasında “Landgold”, “Randgold Resources”, “Robex Resources” kimi nəhənglər var. Bu sadalananlara rəğmən Mali dünyanın ən kasıb ölkəsi olaraq qalmaqda davam edir. Həmçinin 2001-ci ildən etibarən Avropaya neft idxal edən Mali, Fransanın enerji nəhəngi “Total” ilə müqaviləyə imza ataraq neft quyularini istismara vermişdi.

Malidə gedən müharibənin əsas təşkilatçıları “Əl Qaidə” ilə yaxından bağlılığı güman edilən “Ənsər-əd-Din” islamçı terror qruplaşmasıdır. Malinin şimalında toplu halda yaşayan tayfalar tərəfindən idarə edilən bu təşkilatın əsas məqsədi özlərinin “Azavad” adlı dövlətini qurmaqdır. Separatçı dövləti tanımayan Mali höküməti Fransaya müraciət edərək hərbi kontingetini buraya göndərməsini xahiş etdi. Mali ordusunun səmərəsiz əməliyyatları və nizam-intizamdan məhrum olması terrorçuların bütün şəhərləri bir-bir ələ keçirməsinə şərait yaratmışdı. Qısa zaman ərzində paytaxtı geri alan Fransızlar terrorçuları şimala doğru sıxmağa başladılar.

NATO-nun burdakı əməliyyata müdaxilə etməməsi Fransanın işini daha da asanlaşdırmış və bununla da o dünyaya öz “hərbi gücünü” sübut etmək şansı əldə etmişdir. Çünki Avropa Şimali Afrika bölgəsini ABŞ-la bölüşdürmək niyyətində deyil.