İraq “BƏƏS” partiyası

Yaxın Şərqin müasir siyasi xəritəsinin I Dünya Müharibəsindən sonra müstəmləkəçi imperialist rejimlər tərəfindən hazırlanması nəticəsində Ərəblər arasında populyar olan Haşimilər nəslinin nümayəndəsi Feysəl, I Feysəl adı ilə İraq-Suriya krallığının mütləq monarxı təyin edilir.

Feysəlin bunun müqabilində müstəmləkəçi rejimlərin ordusunda Osmanlı hakimiyyətinə qarşı vuruşması bu gün də bir çox tarixçi alim tərəfindən birmənalı qarşılanmır. Bir çoxlarına görə müsəlman olan tayfa başçısının Avropadan gələn insanlarla birgə öz din qardaşı olan Osmanlı hakimiyyətinə qarşı qılınc çəkməsi tənqid olunan bir fikir olsa da, buna sosioloji qiymət vermək də zəruridir. Belə ki, Feysəlin ilk dəfə Suriya-İraq monarxı elan edilmləsi ilə “Ərəb dirçəlişi”nin (oyanışı) növbəti mərhələsi başa çatmış oldu. 

Birləşmiş Suriya-İraq krallığının varlığı elə də uzun çəkmir. Suriyanın strateji ərazilərini itirmək niyyətində olmayan Fransa öz ordularını bura yeridərək, dəvə üzərində soyuq silahla silahlanmış bədəvi ordularını asanlıqla məğlub edərək onları şərqə sıxışdırır. Nəticədə Feysəl Bağdada gələrək burada yenidən İraqın kralı qismində tacqoyma mərasimi keçirir. Bu dövrdən sonra İraq Haşimi Krallığı 1958-ci ilə qədər varlığını sürdürür. 

İraqın sonuncu və gənc kralı II Feysəl və onun hökümət başçısı Nuri Səid xalqın sevgisinə etibar edə bilməzdilər. Kralın babası I Feysəlin xaçpərəstlərlə müqaviləsi,  uğursuz hakimiyyəti dövründə bərbad hala düşən iqtisadiyyat və kənd təsərrüfatı, iri inhisarçı şirkətlər tərəfindən İraq neftinin Avropaya daşınması halları xalqın gözündə Haşimi nəslini qətiyyətsiz və iradəsiz olaraq xarakterizə etmişdir. Hələ 18 yaşında olan II Feysəl öz baş naziri Nuri Əl Səidin təsirindən heç cürə çıxa bilməmiş və başladığı islahatları sona çatdıra bilməmişdir.

1955-ci ildə İraqın “Bağdad paktı”na qoşulması onun bir mənada xarici siyasətdəki müstəqilliyini itirməsi ilə nəticələndi ki, bu da İraqda yeni baş qaldıran millətçi gənclərin narazılığına səbəb olmaya bilməzdi. 50-ci illərin sonunda İraqda xalq-azadlıq hərəkətları, milli dirçəliş hərəkətləri və gizli təşkilatların yaranması çox geniş vüsət aldı. Maarifçi tələbə cəmiyyətləri və gizli fəaliyyət göstərən İraq Kommunist Partiyası nə yollar olursa olsun monarxiyanı devirməyi və Haşimi ailəsinin İraq xalqı qarşısında törətdiyi cinayətlərə görə cavab verməs tələbini qarşılarına məqsəd qoymuşdular.

Belə təşkilatlar sırasında “Milli Birlik Cəbhəsi” daha aktiv şəkildə mübarizə aparırdı. Onun tərkibinə “İraq Kommunist Partiyası”, “BƏƏS” və “İraqın Azadlığı uğrunda Milli Koalisiya” kimi təşkilatlar daxil idi. Qeyd etmək lazımdır ki, bu qurumun tərkibində radikal dini, radikal hərbi təşkilatlar (məs. “Azad Zabitlər”) feodal-patriarxal tayfalar da daxil idi. Xalq arasında yüksələn inqilabi əhval-ruhiyyədən mahircəsinə yararlanan hərbi təbəqə bunu inqilaba başlamaq üçün bir işarə olaraq qəbul etdilər. 

1958-ci ilin 13 iyulunda 3-cü diviziyanın 2 motoatıcı briqadası Livan sərhədinə hərəkət etmək üçün tapşırıq aldı. Lakin gözlənilmədən

Nuri əl Səid (foto 1949-cu il)
Nuri əl Səid (foto 1949-cu il)

briqada komandiri General əl-Qasim tabeçiliyində olan qoşunları əks istiqamətə çevirərək Bağdada daxil oldu. Bir müddət sonra Kralın iqamətgahına gedən bütün əsas yollar ağır zirehli texnika tərəfindən tutulmuşdu. Dövlət Televiziyası və Radio stansiyaları susurdu. Dövlət nazirləri bir-bir həbs edilir və zorla iqamətgahlarından çıxarılaraq naməlum istiqamətə aparılırdılar. Yenicə təsis olunan İnqilabi Şuranın rəhbəri General Qasim səhər tezdən radio vasitəsilə monarxiyanın devrildiyini və yeni İraq Respublikasının yarandığını elan etdi. O zaman yenicə hakimiyyətə gələn qüvvələr İraqın son kralının sonrakı taleyi barədə olan bütün məlumatları gizli saxlamağı üstün tuturdu. Əsil həqiqət illər sonra tarixi araşdırmalar nəticəsində bəlli oldu. Çevriliş günü Kral sarayını mühasirəyə alan qoşunlar 45 dəqiqə ərzində sarayın mühafizə xidmətinin müqavimətinə rast gəldilər. Müqavimətin dayandırılması ilə 18 yaşlı Kral öz əsgərlərinin ona və ailəsinə güllə atmayacağına əmin olaraq əlində “Quran-i-Kərim”-lə saraydan çıxdı. Silahsız kral elə sarayının qabağında əsgərlərin atəşi nəticəsində qətlə yetirildi. Həyat yoldaşı və azyaşlı uşağı da onunla eyni taleyi paylaşdı. Baş Nazir Nuri əl Səid çevriliş gecəsi şəhərdən çıxa bildisə də Suriya sərhədində tutularaq qətlə yetirildi. 

Yeni yaranan respublikada ali hakimiyyət general Qasimin əlində cəmləşdir. O, İnqilabi şuranın rəhbəri olmaqla bərabər dövlət və hökümət

Əbdül Kərim Qasim (foto 1959-cu il)
Əbdül Kərim Qasim (foto 1959-cu il)

başçısı vəzifələrini də icra edirdi. İraq Ərəb Respublikası xarici siyasətdə Sovet düşərgəsi ölkələrinə meyl etməyə başladı və SSRİ ilə diplomatik münasibətlər qurdu, onun əksinə Qərb ölkələri ilə intensiv əlaqələr qurulmadı. Rəsmi Moskva yeni yaranan kommunist ölkəsinə iqtisadi və hərbi yardımlar göstərməyə başladı. İraq ordusunun müasirləşdirilməsi məqsədilə ən müasir Sovet hərbi texnikası və hərbi təlimçilər İraqa göndərildi. İraqda fəaliyyət göstərən iri qərb şirkətləri ölkədən çıxarıldı və neft sektoru tamamilə milliləşdirildi. Böyük Britaniya, Fransa, İtaliya səfirliklərinin bəzi nümayəndələri “xarici casus” adı ilə saxlanılaraq ölkədən çıxarıldı ki, bu addım qərb mediasında böyük təəccüb doğurdu. Hakimiyyətinin ikinci əlində general Qasim öz diktaturasını daha möhkəmləndirməyə başladı və onunla birgə çevrilişdə iştirak edən bütün əsas hərbi fiqurları vəzifələrindən kənarlaşdırmağa, bəzilərinə qarşı satqınlıq iddiası ilə həbs kampaniyasına başladı. Xalq arasında etirazlar yenidən baş qaldırmağa başladı. Etirazların bir qismi siyasi səbəbdən olsa da, digər qismi etnik səbəblərdən idi. General Qasimin etnik kürd olması ölkə əhalisinin 95%-ni təşkil edən etnik ərəblərin narazılığına səbəb olurdu. Bu səbəbi əldə bayraq tutan General Arif Əbdül Səlam yeni dövlət çevrilişi üçün hazırlıqlara başladı. Arif Əbdül Səlam İraqda “İyul inqilabı”nın rəhbərlərindən biri olmuş və Qasimin hakimiyyətə gəlməsi ilə müdafiə naziri təyin olunmuşdu. General Qasim qısa vaxtda ordudakı idarəni əlinə alan Əbdül Səlamın güclənməsindən ehtiyat edərək onu istefaya göndərmiş, bu da gənc bir o qədər də ambisiyalı Əbdül Səlamın xoşuna gəlməmişdi. O, öz mövqeyində olan bir qrup yüksək rütbəli hərbçi ilə Qasim diktaturasını devirmək üçün planlar qurmağa başladı. 

Arif Əbdül Səlam
Arif Əbdül Səlam

İraqda qəbul edilən yeni konstitusiyaya əsasən hər cür siyasi partiyaların fəaliyyəti qəti şəkildə qadağan olunurdu. Tək və hakim partiya BƏƏS partiyası, dövlətin əsas şüarı isə – “Ərəb sosializmi” və ya “Ərəb dirçəlişi” idi. BƏƏS-çilərin çevrilişi baş tutdu. 1963-cü ildə General Əbdül Kərim Qasim və 3 yaxın adamı gecə yarısı öz evlərindən zorla çıxarılaraq Dövlət Televiziyasının studiyasına gətirildilər və tele kameraların önündə dəhşətli işgəncələrdən sonra edam edildilər. Qətlə yetrilən 3 generalın cəsədi bir neçə saat fasiləsiz olaraq bütün ölkə əhalisinə nümayiş etdirildi. Lakin Əbdül Səlam Arifin hakimiyyəti uzun çəkmədi. Onun SSRİ təsir oxundan çıxmaq və Qərblə yaxınlaşmaq cəhdi ona baha başa gəldi. Yeni dövlət başçısı müəmmalı şəkildə vertolyot qəzasında həlak oldu. 

1968-ci ildə BƏƏS-çilər yenidən dövlət çevrilişi edir və bu dəfə Həsən əl Bəkr hakimiyyəti ələ keçirir. Məhz onun dövründə gənc və ambisiyalı siyasətçi Səddam Hüseynin ulduzu parlayır və o ölkənin vitse-prezidenti təyin edilir. Ölkədə yeni islahatlar keçirilməyə başladı. 1971-ci il konstitusiyasına əsasən İraq “Xalq Demokratik Respublikası” elan olunurdu. Ən əsas və riskli addım hökümətin 1972-ci ildə “İraq Petrolium” şirkətini milliləşdirməsi oldu. Ölkədəki xarici şirkətlərin iqtisadi maraqlarına ağır zərbə vuruldu. SSRİ-nin iqtisadi yardımı ilə ölkənin aqrar sahəsində yeniliklər başladı, yeni istehsal edilən traktor və kombaynlar eləcə də gənc mütəxəssislər İraqa yola salındı. Sənaye sahəsinin inkişafı üçün maşınqayırma və polad tökmə zavodları inşa edildi. 

Zamanla BƏƏS partiyasının Kommunist Partiyası fikir ayrılığına gəlməsi nəticəsində partiyanın III Qurultayında avantürist qətnamə qəbul edildi. Qətnaməyə görə İraq kommunistləri “könüllü” şəkildə partiyanın fəaliyyətini dayandırır və hakim partiya BƏƏS-in hakimiyyətini tam legitimliyi ilə tanıyır. Bununla da İraqda bir dövrün sonu başa çatır və tamamilə yeni bir dövrün başlanğıcı qoyulur. Yeni dövr İraq xalqı yeni mərhələlərdən keçəcək və daha ağır itkilərlə və məhrumiyyətlərlə üz-üzə dayanacaq və yekun mərhələsində İraq tarixi bir dövlət kimi məğlub olacaq.