Səudiyyə-Türkiyə yaxınlaşması İrana qarşıdırmı?

Recep Tayyip Erdogan Kral Salmana Türkiyənin yüksək rütbəli medalını verib.
    Recep Tayyip Erdogan Kral Salmana Türkiyənin yüksək rütbəli medalını verib.

Səudiyyə Ərəbistanı kralı Salmanın bəzi ərəb ölkələrinə dalbadal rəsmi səfərlər etməsi regionda yeni bir təsir dairəsinin yaranacağından xəbər verir.

Misirdə keçirilmiş ilk demokratik seçkilər yolu ilə hakimiyyətə gəlmiş Müsəlman qardaşları dövründə rəsmi Riyadla münasibətlər olduqca soyumuş, hətta Səudiyyə Ərəbistanı qurulan yeni höküməti tanımaqdan da imtina etmişdi.

Lakin keçən 1 il ərzində hərbi çevriliş yolu ilə hakimiyyətə gəlmiş Fəttah əl Sisinin dövründə iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoydu.Göründüyü kimi uzun müddət sonra Misirə və digər bölgə ölkələrinə səfər edən Səudiyyə kralının əsas məqsədi bu ölkələr ilə olan həmrəyliyi bir daha əyani şəkildə sübut etmək idi.

Diqqəti çəkən əsas məqam Kral Salmanın Türkiyə ziyarəti oldu. Heç kimə sirr deyil ki rəsmi Ankara və Riyad arasındakı münasibətlər bölgədə cərəyan edən geosiyasi amilllərin də təsiri ilə əvvəlkindən daha intensiv hal almışdır.

Xüsusən də, buna 2003-cü il İraq müharibəsindən sonra daha da təhlükəli hal alan sünni – şiə qarşıdruması aiddir. Bu dəfə hər iki ölkəni yenidən bir birinə yaxınlaşdıran təhlükə İran amilidir.

Beynəlxalq sanksiyalardan sonra regionda fəallaşan İran yenidən Səudiyyə Ərəbistan üçün ciddi problemə çevrilib. Hazırda regionda İranın hegemonluğuna meydan oxuya biləcək yeganə aparıcı ölkənin Türkiyə olduğu Kral Salmana da məlumdur. 

Ehtimal ki, yaxın zamanda İrana qarşı yeni hərbi – siyasi blok yaradıla bilər. Bələ bir blok yaradılarsa, onun əsas hədəfi İranın Suriyadakı təsirinin minimuma endirilməsi olacaq.

Son hadisələrdən sonra Qərb ölkələri ilə münasibətləri gərginləşən və buna görə də bölgədə təklənən Türkiyə Səduiyyə Ərəbistanı ilə münasibətlərə çox böyük önəm verir. Sıx münasibətlər Türkiyə üçün həm Suriya problemində yeni irəliləyiş həm də yeni iqtisadi artım deməkdir.

Lakin Türkiyənin İranla açıq qarşıdurmaya girmə ehtimalı rəsmi Riyadla müqayisədə olduqca zəifdir.

Suriya, İraq və Yəməndə baş verənlərin Türkiyəni də narahat etdiyi sirr deyil, lakin buna baxmayaraq, Türkiyə şiə İranla birbaşa toqquşmaqdan çəkinir.

Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlunun sözlərinə görə, Türkiyə İranla dialoqunu gücləndirməklə onun regionda nüfuzunun genişlənməsinə son qoymaq niyyətindədir və buna görə də Səudiyyə ilə yeni əməkdaşlığı da İrana bir növ xəbərdarlıq xarakteri daşıyır.

Açıq aydın görünür ki, kral Salman regiondakı geosiyasi vəziyyətin çox qarışıq olduğu bir vaxtda arxasında vahid sünni müsəlman ölkələrinin dəstəyini görmək arzusundadır. Kral Salmanın Türkiyəyə rəsmi səfəri 14–15 apreldə İstanbulda keçiriləcək İslam Əməkşdalıq Təşkilatı ölkələrinin zirvə toplantısına təsadüf edir.

Bu toplantıda kral Salmanın Recep Tayyip Erdoğan hökümətini Misir və Qətərlə də danışıq masasına otuzduracağı da istisna edilmir.

2016-cı ildən İƏT-də sədrliyin yenidən Türkiyəyə keçməsi gözlənilir, lakin Abdel Fəttah əl-Sisi tədbirə dəvət edilmədiyindən sədrliyin təhvilini Xarici işlər naziri Samih Şükrinin həyata keçirəcəyi gözlənilir.Misirdə hakimiyyətə gəlmiş Sisinin hökümətini tanımaqdan imtina edən Türkiyə bir neçə müddətdir ki, bu ölkə ilə rəsmi diplomatik münasibətləri aşağı səviyyəyə endirib.

Bu baxımdan zirvə toplantısı Ər-Riyad üçün qaçınılmaz bir fürsətdir. Maraqlı məqamlardan biri də odur ki, Kralın Türkiyəyə rəsmi səfər etdiyi gün oğlu – müdafiə naziri şahzadə Məhəmməd bin Salman İordaniyaya rəsmi səfər edərək kral II Abdullah ilə görüşmüşdür.

Səfərin əsl səbəbi hələ bəlli olmasa da, hər iki ölkə təmsilçisi birgə mətbuat konfransı təşkil edərək “İranın regionu hədələyən əsas təhlükə olduğunu” bir daha vurğulayıblar.

Kral Salmanın bu səfərinin radikal dəyişiklərə səbəb olacağını demək çətindir. Türkiyənin üzləşdiyi daxili və iqtisadi problemlər onun İran və digər ölkələrlə açıq münaqişəyə getməsinə ciddi əngəllər törədir.Lakin hər iki ölkəyə xas bir ümumi cəhət var ki, bu da həm rəsmi Riyadın, həm də rəsmi Ankarann Qərb müttəfiqlərindən get-gedə qopmasıdır. Bunun vahiməsi də bütün adı çəkilən ölkələri yeni tədbirlərə əl atmalarına sövq edir.