Livan “bahar”ı

714180Ötən ay Livanın baş naziri Nəcib Mikatinin gözlənilmədən qəfil istefasından sonra Livanda yaşanan qısa müddətli siyasi böhran aprelin 9-da Prezident Mişel Süleymanın və ölkə parlamentinin yeni baş naziri təsdiq etməsi ilə qismən də olsa yatışdı. Yeni vəzifəyə gətirilən Livanın keçmiş mədəniyyət naziri Tammam Salyam dərhal yeni kabinet formalaşdırmaq üçün prezidentlə təkbətək görüş keçirdi.

Parlament səsverməsində 128 deputat arasından 80 nəfərin dəstəyini qazanan Tammam Salyam uzun illərdən bəri radikal şiə təşkilatı “Hizbullah”ın da dəstəyini qazanan ilk sünni siyasi xadimdir. Prezidentin bu təyinatına müəyyən mənada skeptual yanaşan bəzi yerli ekspertlərin əksinə, yeni baş nazir siyasi səhnənin ən təcrübəli və ambisiyalı oyunçularından biridir. 1945-ci ildə Beyrutun tanınmış ailələrindən birində anadan olmuşdur. Onun atası Salem Salyam də vaxtilə Livanın baş naziri vəzifəsini icra etmiş və iqtisadi islahatları sayəsində ölkədəki işsizlik göstəricisinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

Vəzifəyə təyin olunmasından bir neçə saat sonra “milli maraqlar” əsasında kabinet formalaşdıracağı barədə vəd verən yeni baş nazir “siyasi partiayalardan kənar” duracağına və onların arasındakı ziddiyətləri minimuma endirəcəyinə söz verdi. Bu vəzifədə imzaladığı ilk sənəd yeni seçki sistemi haqqındakı qanun layihəsi oldu. Qəbul edilən yeni qanun Livanın bütün etnik və dini azlıqların nümayəndələrinə parlamentə seçmək və seçilmək hüququ verir. Həmçinin bu qanunun əsas mahiyyəti dövlət strukturundakı korrupsiya və özbaşınalıqların qarşısını almaqdır.

BBC jurnalistlərinin “Suriya böhranı” ilə bağlı verdiyi suallara cavab verən T.Salyam, öz ölkəsini maksimum dərəcədə münaqişədən uzaq tutacağına və üsyançılarına sərhəd ərazilərdə fəallaşmasının qarşısını alacağına söz verdi. Xələfi Nəcib Mikatinin İsrail dövləti ilə sıx dostluq əlaqələrinə baxmayaraq o, Livanın Suriya ilə sərhəd ərazilərində İsrail kəşfiyyatının fəaliyyət göstərməsinə qarşı çıxmış və hər vəchlə Livanı bu “Suriya avantürası”ndan uzaq tutmağa çalışmışdır. Səudiyyə Ərəbistanla münasibətləri bu səbəbdən daha da korlaşan Nəcib Mikati elita təbəqəsindəki dəstəyini itirdiyindən vəzifəsindən istefa verməyə məcbur olmuşdu. Bunu nəzərə alan yeni baş nazir dərhal İsrail ilə olan münasibətləri bərpa etmiş və sıx əməkdaşlıq etmək istəyini dilə gətirib. Buna baxmayaraq T.Salyam da Səudiyyə Ərəbistanın dəstəklədiyi Səid Hariri və onun müxalifət alyansı hökümətin yeni təyinatını dəstəkləmədiyini bildirdi.

Livanın hazırkı hakimiyyət qurumlarının bəziləri Səudiyyə Ərəbistan meyilli xarici siyasətin tərəfdarı olsalar da, “14 Mart” koalisiyası buna qətiyyətlə imkan vermir. İranın birbaşa təsirində olan “Hizbullah” təşkilatı ölkənin cənub rayonlarını idarə etməklə yanaşı, yerli əhali arasında da kifayət qədər populyardır. İllərdir Səudiyyə Ərəbistanın bu əraziyə müdaxilə etməsinə rəğmən keçmiş Baş Nazir Səid Hariri elita təbəqəsində özünə lazımi dəstəyi tapa bilmir. Məhz bu səbəbdən prezident Mişel Süleyman yüksək təbəqənin dəstəklədiyi Tammam Salyami gətirməklə mümkün ola biləcək xaosun qarşısını hələllik ala bilmişdir.