Moskva – üçüncü Roma nəzəriyyəsi

imagesSüqut etmiş Roma imperiyasının şərqində Şərqi Roma İmperiyası – Bizans yaranır. Özəyi yunanlardan ibarət bu dövlət Yaxın Şərq və Şərqi Avropa ölkələrini istila edir. Yunanlar Qərbi Avropanı öz hakimiyyəti altında qorumağa çalışan papaların dini (deməli həm də ideoloji) təsirindən çıxmaq üçün Qənstəntiniyyədə patriarx  – Roma papasına alternativ seçirlər. XI əsrdə xristian aləmi katolik və pravoslav hissələrinə bölünür.Pravoslavlar nə Roma papalarının dini, nə qərb imperatorlarının siyasi hakimiyyətini qəbul edirdilər.

Osmanlı hücumları nəticəsində Roma İmperiyasının keçmiş uzantısı Bizans süqut edir və əvəzində yunanlar da öz imperiya ənənlərini slavyanlara, daha doğrusu ruslara ötürürlər. Beləliklə də, tarixin təkrarlandığına iddia edənlər bu hadisələri öz düzgünlüyünü sübuta yetirmək üçün bir dəlil kimi görməyə başladılar. XV əsrdən başlayaraq güclü və mərkəzləşmiş dövlət yaradan rus çarları öz dövlətinin xüsusi missiyaya malik olması barədə düşüncələrinə qapılırlar.

Təqribən bu dövrdə “Moskva – üçüncü Roma” ideyası yarandı ki, bu konsepsiya Roma və Konstatinopoldan (İstanbul) sonra Moskva şəhərinin xristian aləminin üçüncü mərkəzinə çevirilməsini nəzərdə tuturdu. Rus mütəfəkkirləri də bu ideyanın davamı olaraq protestant demokratiyası və sekulyarizminin yararsızlığını təbliğ edirdilər.

Amerikalılar demokratiyadan öz messianlığının əsas aləti kimi istifadə edib vətəndaş millətçiliyi tezisləri ilə çıxış edirlərsə, ruslar əksinə mütləq monarxiyanı öz messianlığının əsas aləti kimi istifadə edib etnik millətçiliyə (slavyanofiliya) üz tuturlar. Məhz mütləq monarxiya tərz-təfəkkürü Rusiyada totalitar rejimin qurulmasına səbəb oldu. Rus kommunizmi marksizmin rus tərz-təfəkkürü ilə uzlaşdırılmış forması idi. Vladimir Lenin məhrum təbəqənin (proletariat) inqilabları nəticəsində bütün dünyada kommunizmin timsalında “qızıl əsrin”, xalq diktaturasının gələcəyini yazırdı, elə ilk bu cür inqilabın başında da özü durdu. Ona görə də marksizm-leninizm ideoloqları Lenini dünya proletarilərinin rəhbəri elan etmişdilər. Bəzi müəlliflər tam dəqiq olaraq kommunizmi dinin bir forması kimi qəbul edirdilər. Leninin və Stalinin şəxsiyyət kultları sovet insanına yeni peyğəmbərlərin sırıdılması idi.

SSRİ süqutundan sonra beynəlxalq aləmdə siyasi çəkisini itirmiş Rusiya kommunizmi çarizmdən qalmış  messian ideyalarla əvəz etdi, çarizmə məxsus messianlıq respublika quruluşuna uyğunlaşdırıldı. Orta əsrlərdə pravoslavlığın əsas dayağı olan Bizans imperiyasının mənəvi varisi hesab olunan rus dövlətinin messionizm iddialarının özünəməxsus xüsusiyyətləri var.

İlk növbədə rus xalqı İsa Məsih  tək tarixin bütün əzab əziyyətlərini öz üzərinə götürməklə bəşəriyyətə nicat verir. ABŞ-dan fərqli olaraq, Rusiya düzgün yolu göstərən deyil, bəşəriyyət üçün bir ibrətdir. Çingisxan, Napoleon, Hitler – öz dövrlərinin dəccalları (Antixrist) idilər ki, məhz Rus xalqına təcavüz edirdilər. Napoleonun, Leninin və Hitlerin gətirdiyi əziyyəti çəkməklə, əslində onlar digər xalqları əzabdan qurtarır. Necəki, ata Allah insanların günahını yumaq üçün öz oğlu İsanı yerə göndərir və onu əzaba düçar edir. İsa Məsih çarmıxa çəkilərkən çəkdiyi iztirablarla insanları cəhənnəm odundan xilas etdi, Rusiya isə antixristlərin təcavüzünə məruz qalmaqla bəşəriyyətə dünya bəlalarından nicat verdi. Bu baxımdan ikinci dünya müharibəsi ruslar üçün xüsusi əhəmiyyət daşıyır. Digər xalqlardan fərqli olaraq, onlar bu savaşı özününküləşdirərək “Böyük Vətən Müharibəsi” deyir (Napoleonla müharibəyə də bu cür deyilir) və qələbənin yalnız rusların hesabına əldə olunduğunu təbliğ edirlər. Əhdi-ətiqdə tez-tez xatırlanan Bəni-İsraili məcazi olaraq rus milləti kimi təqdim edərək, Rus Pravoslav Kilsəsi bu xalqı seçilmiş millət kimi qəbul etməməyi günah sayır.

Lakin müasir dövrdə Rusiya messianlığının sırf dini rəngi onun fövqəldövlət kimi formalaşmasına maneçilik yaradır. Necəki, protestant ideyaları əsasında formalaşan Amerika messiamlığı dünyaya yayılması üçün zahiri dini xüsusuiyyətlərdən sekulyarizm adı altında azad oldu, hazırda da Rusiya oxşar vasitəyə əl atır. Rusiya çoxqütblü beynəlxalq sistemin formalaşdığı bir zamanda özünün qlobal güc kimi saxlamaq üçün mütləq tarixi-mədəni bazaya malik olmalıdır. Son iyirmi ildə rus ideoloqları bu bazanın yaradılması ilə məşğuldur.

Nəzəriyyənin yaranması və çiçəklənməsi dövrü

XIV əsrdən etibarən Rusiyanın dövlətçilik tarixində ciddi dəyişikliklər baş verir. Yenicə yaranıb güc qazanan Moskva knyazlığı ölkənin
siyasi, iqtisadi və maarifçilik mərkəzinə çevrilməyə başlayır. Zamanla əhali axının güclənməsi nəticəsində Moskva knyazlığının ərazisi əvvəlkinə nisbətdə qat-qat genişlənərək ən böyük dövlət qurumuna çevrilir. Digər rus torpaqlarının da knyazlıq ətrafında birləşdirilməsi prosesi sürətlənir.  Bu prosesləri sürətləndirən iki əsas amili qeyd etmək lazımdır:

  • XIV əsrin Moskva knyazlığının çiçəklənməsi və dağınıq Rusiyanın əsas elmi-siyasi mərkəzinə çevrilməsi.
  • Rusiyada milli özünüdərketmə prosesinin güclü təkan verən Kulikovo döyüşünün (1380) baş verməsi.

Rusiya dövlətçilik ideyalarının inkişafında hökmdarlar və sərkərdələrlə yanaşı ən böyük rolu kilsə xadimləri oynayırdılar. Əhali arasında cahilliyin və savadsızlığın aradan qaldırılması məqsədilə yeni əxlaqi – siyasi ideyaları təbliğ edən din adamları bu yolla birləşmə prosesinə öz töhfələrini verirdilər. Kilsənin knyazlıq və əhali arasında mövcud olangüclü təsirini nəzərə alan Moskva knyazları hər vəchlə din xadimləri ilə yaxın əlaqələr qurur və onları öz məqsədlərində istifadə etməyə çalışırdılar. Çünki onların timsalında knyazlar “vahid Rusiya” ideyasını həyata keçirmək uğrunda güclü müttəfiq görürdülər.

Ölkədə siyasi – fəlsəfi ideyaların geniş vüsət aldığı bir dövrdə “Moskva – üçüncü Roma” nəzəriyyəsi ortaya çıxır. Nəzəriyyə qısa dövr ərzində bütün kilsələrə yayılır. Nəzəriyyəni məğzi ondan ibarətdir ki, “Xristian dünyasının müqəddəs imperiyası Bizansın türklər tərəfindən süquta uğradılmasından sonra həqiqi xristian inancı sadəcə Moskva kilsəsində qorunub saxlanılmışdır. Ona görə də o andan etibarən və sonsuzadək Moskva – üçüncü Roma rolunu oynamaqdadır”. Həmçinin Moskva qanunən Bizansın varisi və davamçısı, rus milləti isə Tanrı tərəfindən seçilmiş millətdir.

Qısa müddət ərzində bütün ölkə ərazisində yayılan və qəbul edilən bu nəzəriyyənin əsasını “Əbədi Roma” ideyası təşkil edirdi. Belə ki, ideyaya görə Romanın tarixi əbədi yaşayır və dünyanın sonunadək də davam edəcək. Ideyalar o qədər sürətlə yayılmağa başladı ki, bir çox Şərqi Avropa ölkələri özlərinin Roma kilsəsi ilə olan əlaqələrindən bəhs etməyə başladılar. Nəzəriyyənin ideya davamçılarının sayının sürətlə artmasından sonra onlar “iosifçilər”  adlandırılmağa başladılar. Zamanla bu ideyanın daşıyıcıları müxtəlif ölkələrə səyahət edərək bu ideyaları yaymağa və provoslav kilsəsinin təsirini gücləndirməyə başladılar.

Nəzəriyyə 2 əsas ideyaya ayırılır:

1)    Missionerlik  (müəllif Moskva knyazına kilsəni gücləndirməyi və ölkədəki bütün inancsız xalqları itaətə gətirməyə çağırır)

2)    Kilsə ( bu ideyada müəllif çarı kilsəyə rəhbərlik etməyə və onu müdafiə etməyə çağırırdı)

Bu ideyaları özünün əsərlərində xüsusi başlıqla verən din xadimləri rus çarına rəsmi müraciətində: “Rus torpağında bütün xristian kilsələrinin kəsişdiyini, müqəddəs iki Romanın süqut etdiyini, lakin üçüncü Romanın daim var olacağını” bildirir. Bununla da “Moskva – üçüncü Roma” nəzəriyyəsi gələcək Rus hegemoniyasının və şovinizminin sürətlə böyüməsinə, rus millətinin “Tanrı tərəfindən seçildiyinə” dair inancların insanların şüuruna yeridilməsi ilə nəticələndi.

Nəzəriyyənin yaranmasında yüz illər sonra müasir tədqiqatçılar nəzəriyyəyə məxsus əlyazmalarını öyrəndikdən sonra nəzəriyyənin təkribində həddindən artıq aqressiv metodların və çağırışların olduğuna diqqət çəkmişlər. Çağırışlar Rusiyanın bir dövlət kimi bütün qonşu əraziləri öz təsiri altına almağını, xristian dininin dəyərlərini digər xalqlar arasında da yaymağını təlqin edirdi.

Rusiya dövlətçilik tarixinə diqqətlə nəzər saldıqda Moskva knyazlarının zamanla özlərini Bizans İmperatorunun qanuni varisi elan etdiyini və bu səbəbdən də Moskva kilsəsinin müqəddəsliyini qabartması halları ilk dəfə Knyaz Vasiliyin dövründə baş vermişdir. Onun oğlu Knyaz İvan və nəhayət nəvəsi IV İvan Qroznı dövründə rəsmi hal aldı. IV İvan “Çar” titulunu qəbul edərək özünü bütün Rusiyanın hakimi həmçinin kilsənin ali rəhbəri elan edir. Kilsənin rolunun dövlətin həyatında hər keçən gün daha da artması ilə missionerlərin sayı artmış, təbii olaraq bu da Moskva – Roma nəzəriyyəsinin ən ucqar sərhədlərdə belə geniş yayılmasına səbəb olmuşdu.

Tarixçilərin fikirləri müxtəlif də olsa əsas bir nöqtədə kəsişir. Onların fikrinə əsasən Moskvanın əfsanəvi Çarı Vladimir Monomax ana tərəfindən Bizans İmperatorunun qızı olduğundan taxta çıxdığı zaman həm Moskva həm də Bizans hökmdarı elan edilmişdi. Monomoxdan gələn hüquqi qüvvə ilə ondan sonrakı bütün Çarlar özlərinin Bizans taxtına olan iddialarını gizlətmək ehtiyacı da duymamışlar.

Zamanla digər xristian kilsələri tərəfindən absurd nəzəriyyə adlandırılan üçüncü Roma nəzəriyyəsi bugün də Rusiya Provoslav kilsəsinin ali ideologiyası hesab edilir. Belə ki, bəzi arqumentlərə görə, əgər Moskva sonuncu Romadırsa bu halda Xristian dini özünün son mərhələsini yaşamaqdadır və üçüncü Romanın da süqutu ilə varlığına nöqtə qoyacaqdır. Cavab arqumentinə əsasən isə, ruslar üçüncü Romanın – ikinci Roma ilə yerdəyişmə etmədiyini və onun varisi olduğunu bildirir. Bu halda Moskva apokalipsis (dünyanın sonu) zamanı Xristianların əsas və müqəddəs sığınacağına çevriləcəkdir.