Münhen razılaşması – Suriyanın yeni ümidi kimi

Screenshot 2016-02-20 15.15.07

Münhendə keçirilən illik təhlükəsizlik konfransına toplaşan dünyanın aparıcı ölkələri – Rusiya və ABŞ başda olmaqla, Suriyada davam edən qanlı döyüşlərin və dəhşətli humanitar fəlakətin qarşısını almaq məqsədilə qısamüddətli atəşkəsin elan edilməsi barəsində razılığa gəldilər.

Atəşkəsin əsas məğzi isə son aylar fasiləsiz avia zərbələrin hədəfinə çevrilmiş Hələb şəhərinin sakinlərinə humanitar yardımların çatıdırlmasını təmin etməkdir

Bütün bunlara baxmayaraq hələ də əldə edilən razılıqla bağlı müəyyən təzadlar ağıllarda sual işarəsi qoyur. Razılıq mətnində qeyd edilən “silahlı toqquşmaların dayandırılması” bəndi əslində “tam atəşkəs rejiminə” keçid mənasını vermir. Həmçinin andlaşma mətnində göstərilməyən müddəalardan biri də Rusiya hərbi hava qüvvələrinin Suriya ərazisini nə vaxt tərk edəcəyidir. Rusiyanın Hələbi mühasirəyə alan Əsəd qüvvələrinə dəstək verməsi şəhərə gələn humanitar yardımları daha çətinləşdirir.

Atəşkəs razılaşması təəssüf ki Suriyada uzun müddətli sülhün bərqərar olacağına tam zəmanət vermir. Ukrayna münaqişəsi zamanı separatçı qüvvələrlə əldə edilən qısamüddətli “atəşkəs” buna ən gözəl örnəklərdən biri ola bilər. Hazırkı mərhələdə atəşkəs razlaşması münaqişənin kökündən həllini daha da qəlizləşdirir və münaqişədə qeyri-rəsmi iştirak edən tərəflər arasndakı ziddiyətləri daha da artırmağa xidmət edir.

Bütün sadalanan faktları nəzərə almasaq Münhen razılaşması Suriyada davam edən qırğının qarşısının alınması istiqamtində hələlik atılan ən uğurlu addım hesab edilə bilər. Regionda dəyişən geosiyasi vəziyyət, ABŞ-ın bu məsələdə könülsüz iştirakı və bu fürsətdən istifadə edərək o boşluğu doldurmağa çalışan Rusiyanın aviazərbələri Suriyanın taleyi üçün müsbət heç bir şey vəd etmir.

Razılaşmanı əldə edən tərəflərin öhdəliklərinə əməl edib etməyəcəyi tam məlum olmasa da Münhendə qəti qələbə əldə edən tərəfin Rusiya olduğu məlumdur. Hərbi müdaxiləsi və aviazərbələri ilə rəsmi Moskva özünü “Suriya işçi qrupu”nun bir hissəsinə çevirərək rəsmi Vaşinqtonla eyni masa arxasına oturmağa müvvəfəq oldu. Bu hərəkətlə rəsmi Moskva özünün beynəlxalq aləmdə ABŞ-la bərabər (Suriya məsələsində) səviyyədə olduğunu sübut etməyə çalışır.

Humanitar böhran

Lakin Suriyada əldə edilən hərbi qələbələr müəyyən siyasi qələbələrlə müqayisə edilə bilməz. Məsələn son 3 həftə ərzində dünya ictimaiyyətinin diqqəti blokadaya alınan Hələb şəhərinin üzərindədir. Rusiya aviasiyasının yardımı ilə Hələb şəhəri Əsəd qüvvələri tərəfindən zəbt edilsə belə bu siyasi qələbə sayıla bilməz.

Çünki Hələbin geri qaytarılması anti-Əsəd qüvvələrinin təslim olacağı və mübarizədən imtina edəcəkləri gözlənilmir. Bu isə o deməkdir ki, rəsmi Kreml bütün hərbi üstünlüklərə baxmayaraq beynəlxalq arenada siyasi üstünlüklər də əldə etmək üçün əlindən gələni edir.

Rusiya özü də Suriyada davam edəcək uzun müddətli münaqişədə maraqlı deyil çünki Əsədin hərbi və iqtisadi dəstəklənməsi Moskvaya həm insan resursları baxımından həm də maliyyə cəhətdən çox baha başa gəlir.

Bir fakt nəzərə alınmalıdır ki, Suriyanın mötədil müxalifət liderləri hazırda davam edən hərbi əməliyyatlar fonunda Moskva və Əsəd rejimi ilə danışıqlara getməkdən qəti şəkildə imtina edirlər ki bu da Rusiyanın işini daha da qəlizləşdirən faktorlardan biridir.

Geosiyasi maraqlar

Digər mübahisəli məqam Rusiya ilə Əsəd rejiminin maraqlarının nə dərəcədə üst-üstə düşməsidir. Əgər Suriya məsələsi Rusiya üçün beynəlxalq arenaya layiqli “qayıdış” biletidirsə bu Əsəd üçün eyni mənaya gəlmir. Çox güman ki atəşkəs rejiminə baxmayaraq Əsəd Hələbin mühasirəsinə son verməyəcək.

Əsəd Rusiyanın sonsuz dəstəyinə ümid etsə də rəsmi Kreml həmişəlik Suriyada qalmaq planlarını güdmür. Əsas məqsəd Vaşinqtonla ortaq məxrəcə gəlmək və masanın eyni tərəfində əyləşməkdir. Nəticə nə olursa olsun bu Bəşər Əsədin və onun rejiminin xeyrinə olmayacaq.

ABŞ üçün də bu məqamda vacib olan əsas problem Əsədin istefası yox Suriyadakı qanlı münaqişənin sona çatmasıdır çünki münaqişənin daha da şiddətlənməsi regionda özünü İslam Dövləti adlandıran qruplaşma kimi radikal İslamçı qüvvələrin möhkəmlənməsinə və dini ekstremizmin yaranmasına səbəb oldu. Bu amil həm Vaşinqtonu həm də Moskvanı ciddi şəkildə narahat edir və hər iki tərəfi yaxın zamanda əməkdaşlıq etməyə sövq edə bilər.