Putinin İran səfərindən nə gözləməli?

Скриншот 2015-11-26 16.36.11

Çox uzun bir zaman fasilədən sonra Rusiya dövlət başçısı Vladimir Putin Suriya məsələsində yeni irəliləyiş əldə etmək və İranla əlaqələri daha da möhkəmləndirmək məqsədilə bu ölkəyə rəsmi səfər edib.

Səfərin mahiyyəti və əsl məqsədi haqda dünya mediası müxtəlif fərziyyələr irəli sürsə də, hər iki dövlət başçısının bağlı qapı arxasında Suriyanın və Bəşər Əsədin taleyini müzakirə etməsi də istisna deyil.

G20 ölkələrinin Antalyada keçirilən sammitində də iştirak edən Putinin bəzi Qərb ölkələrinin liderləri ilə yaxınlaşmaq cəhdləri artıq heç kimə sirr deyil.Maliyyə və insan resursları baxımından əziyyət çəkən rəsmi Moskva Suriyada aktiv hərbi əməliyyatların uzadılmasında maraqlı deyil. Məhz buna görə Putini hazırda Bəşir Əsədin taleyindən daha çox öz ölkəsinin “anti-terror koalisiyasının” bir parçası olması məsələsi narahat edir.

Bu gün iki ölkənin maraqlarının kəsişdiyi əsas nöqtə Yaxın Şərqdir – daha dəqiq desək, Suriya. Vladimir Putinin rəsmi Tehran səfərinin məhz bu günlərdə baş tutması adi bir təsadüf deyil.

Rəsmi səfərdən bir neçə gün öncə Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının “ikinci fazası”na start verilmişdi. Yaxın Şərqin münaqişə ocağına döndüyü bu ərəfədə rəsmi Moskva İD-ə və digər islamçı qruplara qarşı apardığı mübarizədə yeni stimul axtarışındadır.

Heç şübhəsiz ki, bu rəsmi səfərin hər iki ölkə arasındakı qarşılıqlı münasibətlərə, ən əsası isə Suriya məsələsindəki mövqelərə ciddi təsiri olacaqdır.

Rusiyanı hazırda bölgədə narahat edən əsas məsələ onun regiondakı dayaqlarını itirməsi ehtimalıdır. Suriya etibarlı müttəfiqdən əlavə Rusiyanın ən böyük silah – sursat bazarlarından biridir.

Buna görədir ki, Putin Suriya ordusu, “Hizbullah”, və digər könüllü dəstələrlə radikal islamçılara qarşı mübarizəni davam etdirir. Çox güman ki, İranın da fəal dəstəyi ilə bu proses ölü nöqtədən tərpənərək daha sürətli bir hal alacaq.

Lakin bir əsas nüansı da qeyd etmək lazımdır ki, Rusiyanın Suriyada artmağa davam edən hərbi varlığı heç də İranın könlüncə deyil. Sirr deyil ki, vətəndaş müharibəsinin davam etdiyi 4-5 il ərzində Tehranın bu ölkədəki nüfuzu çox açıq aydın hiss edilirdi.

Bəşər Əsədin administrasiyası hər anlamda İrandan asılı vəziyyətə düşmüş, hətta ən axırda inzibati məsələlərdə belə rəsmi Tehranın razılığını almağa məcbur edilmişdi.

Hizbullah hərbi qruplaşmasından savayı, Suriyada Əsəd tərəfində vuruşan əsas hərbi birləşmə İranın maddi və hərbi dəstəyi ilə yaradılan “Milli Müdafiə Qüvvələri”dir.

Radikal şiə könüllülərindən ibarət olan bu qruplaşma artıq uzun müddətdir, Əsədin hökumət qoşunlarının funksiyalarını yerinə yetirsə də, əmr və göstərişləri Tehrandan alır.

Rusiyanın Suriyaya daxil olmasından bir müddət sonra, Putin bu birləşmənin Tehrandan alınıb birbaşa Əsədin tabeçiliyinə verilməsi haqda təklif irəli sürmüşdü. Lakin bunun gerçəkləşmə ehtimalı çox zəif və qeyri-realdır.

Rusiyanın əsas narahatçılığı Bəşər Əsədin taleyi ilə bağlı yox, onun devrilməsi təqdirdə ölkədə islamçı rejimin qurulması ehtimalı ilə bağlıdır.

Əgər Qərb bu barədə Rusiyanın maraqlarını nəzərə alaraq yeni təklif planı irəli sürsə, o zaman Moskvanın da bu təkliflə razılaşacağı ehtimalı yüksəkdir.

İranı isə narahat edən əsas məsələ Suriyanın cənub rayonlarıdır. Bu cənub rayonlar Livanla Tehran arasında koridor rolunu oynayır. Koridorun əldən çıxması ilə İran özünün Livandakı təsir dayaqlarını birdəfəlik itirə bilər.Hazırda isə Qərbin əsas ümid yeri İran – Rusiya münasibətlərində mümkün parçalanmanın baş verməsidir.

Bəzi analitiklər belə düşünür ki, İran və Rusiyanın maraqları hansısa bir məqamda üst-üstə düşməyə bilər və bu da müttəfiqlikdə çatlar əmələ gətirə bilər. İranın da artıq Qərblə yaxınlaşmaq cəhdlərini nəzərə alsaq, Rusiya və İran parçalanması Moskvanı çox çətin vəziyyətdə qoya bilər. Buna görə də rəsmi Kremlin yaxın gələcəkdə Tehranla münasibətlərin səmimi tonda qalması üçün əlindən gələni edəcəyi açıq görünür.