Radikal İslamçılar rəsmi Kreml üçün təhlükədirmi?

1445423540857.cached

Bu həftə Moskvaya gözlənilməz səfər edən Suriya prezidenti Bəşər Əsəd öz həmkarı Vladimir Putinlə təkbətək görüş keçirmiş və Rusiya prezidenti görüş zamanı bir daha jurnalistlərə “Suriyaya hərbi müdaxilənin zərurətləri” barədə söz açmışdı. Vladimir Putinin bu bəyanatları Vyetnam və İraqda müharibə ocaqları yaradan Amerika liderlərinə yaxşı məlumdur.

Əhalisinin 12% faizini sünni müsəlmanların təşkil etdiyi Rusiya Federasiyası üçün bu cür narahatlıqlar əbəs yerə deyil. Nəzərə alsaq ki, bu müsəlmanların çoxu Rusiyanın əsas baş ağrısı olan Şimali Qafqaz regionunda sıx halda yaşamaqdadırlar. Dünyaca məşhur “RAND Corporation”-nun hesablamalarına görə İŞİD sıralarında 5000-dən çox Rusiya vətəndaşı vuruşmaqdadır ki, onların böyük hissəsini Çeçenistan və Dağıstandan gəlmələr təşkil edir. Moskvanı narahat edən əsas faktor isə bu “döyüşçülərin” hərbi və ideoloji hazırlıq keçdikdən sonra yenidən Rusiyaya qayıtmasıdır. MDB başçılarının Astana görüşündə də ölkə rəhbərləri məhz bununla bağlı narahatlıqlarını dilə gətirmişdilər.

Lakin rəsmi Kreml hərbi müdaxilə vasitəsilə çox çəkindiyi uzunmüddətli münaqişəyə zəmin yaradır. Hərbi ekspertlər isə bü müdaxilə ssenarisinə heç də birmənalı yanaşmırlar. Hava hücumları nəticəsində İŞİD bəzi bölgələrdən geri çəkilsə də başqa bir təhlükə baş qaldırmaq üzrədir. İŞİD və Əl-Qaidə tərəfdarlarının Əfqanıstanda yenidən güc qazanması. Rusiyanın cənub sərhədlərində belə potensial təhlükənin baş qaldırması olduqca narahatedici bir amildir.

Rusiyanın indiki mərhələdə əsas məqsədi İŞİD-i ildırımsürətli əməliyyatlarla Suriya ərazilərindən çıxarmaqdır. Əks təqdirdə İslamçılar Tacikistan və Əfqanıstan ərazilərindən “ikinci cəbhə” açaraq Rusiyanın Asiyadakı sərhədlərinə ciddi təhlükə yaradacaqlar. Regiondakı vəziyyət olduqca həssasdır. Əfqanıstanda yenidən güc qazanan radikal İslam dalğası, son 2 ayda Tacikistanda İslam partiyasının xeyli qüvvətlənərək hökümətə qarşı silahlı müqavimət göstərməsi artıq İŞİD-in burdakı “yumşaq gücünə” bir işarədir.

Lakin əksər rus ekspertləri hesab edir ki, İslamçılar Rusiyaya birbaşa təhlükə yarada bilməz, yalnız dolayı yollarla. Halbuki radikallar Asiyadakı bölgələrdən Rusiya ərazisinə qanunsuz olaraq keçid alırlar. “X saatını” gözləyən İslamçılar bu bölgədə öz nüfuzlarını yaymağa cəhd göstərəcəklər.

İndiki mərhələdə Rusiyanın daxilində  nələrin baş verəcəyini dəqiqliklə demək elə də asan deyil. Həmçinin getdikcə böyüyən “İslam problemi”nin də ölkənin Xristian və Müsəlman əhalisi arasında vəziyyəti nə qədər gərginləşdirəcəyi. 90-cı illərdə qarşılıqlı razılaşmalarla Qafqazdakı separatçılıq meyllərini ciloclaya bilən Rusiya yenidən bu regionda istəmədiyi bir müharibəyə cəlb edilə bilər.