Rusiyanın “S-300” siyasəti

3

Qərb ölkələrinin İranın nüvə proqramı ilə bağlı danışıqlarının müsbət nəticələr verməsindən sonra, bu ölkəyə olan sanksiyaların müəyyən dərəcədə yumşaldılması ilə bağlı yekun qərar qəbul edildi. Hərçənd, İrana qarşı tətbiq edilən hərbi və siyasi sanksiyaların qüvvədə qalacağı da bildirildi. BMT Təhlükəsizlik Şurasının İrana qarşı 2008-ci ildə qəbul etdiyi qətnaməyə əsasən, bu ölkəyə yeni hava hücumundan müdafiə sistemlərinin, eləcə də zenit-raket komplekslərinin satışı qadağan edildi. Şuranın daimi üzvlərinin də razılığı ilə qanun yekdilliklə qəbul edildi.

Dünya ictimaiyyətinin diqqətini bu bölgəyə yenidən çəkən rəsmi Moskvanın növbəti addımı oldu. Aprelin 13-də Rusiya dövlət başçısı Vladimir Putin İrana “S-300” raket sisteminin satışına icazə verən qərar qəbul etdi. Daha əvvəl BMT qətnaməsinə əsasən Rusiya bu ölkəyə heç bir raket kompleksinin satılmayacağına dair öhdəlik götürsə də atdığı bu son addım İsrail başda olmaqla bir çox Qərb ölkələrinin sərt reaksiyasına səbəb oldu.[i] Belə ki, İsrail baş naziri B.Netanyahu İrana satılan “S-300” raket sisteminin İsrail milli təhlükəsizliyinə birbaşa təhdid olduğunu bəyan edərək dərhal bunun qarşısının alınması üçün Aİ-ni tədbirlər planı görməyə çağırdı.

Baş verən bu hadisələrin kontekstində qeyd etmək lazımdır ki, bu Rusiya ilə İran arasında “S-300” ilə bağlı baş vermiş ilk qalmaqal deyil. 2007-ci ildə Rusiya və İran 800 milyon ABŞ dolları dəyərində hərbi müqavilə imzalamışdı.[ii] Müqaviləyə əsasən, İrana yeni tipli “S-300” uzaq məsafəli raket sistemi verilməli idi. Bu kompleks istənilən ballistik raketləri, casus təyyarələrini və düşmənin yerüstü obyektlərini məhv etmək qabiliyyətinə malikdir. Lakin həmin il ABŞ və İsrailin təzyiqləri altında Rusiya müqaviləyə xitam verməli oldu. Çünki İran bu raket kompleksi ilə özünün nüvə obyektlərini istənilən hava hücumundan asanlıqla qoruya bilərdi. Rusiya “S-300” əvəzində İrana orta məsafəli “ANTEY-2500” raket kompleksi təklif etsə də rəsmi Tehran bu şərtlə razılaşmadı.

2010-cu ildə Rusiyanın sabiq prezidenti Dmitri Medvedev yeni təzyiqlər altında İrana raket sistemlərinin satışını qadağan edən qanun qəbul etməli oldu. 2015-ci ildə isə prezident V.Putin bu qanuna xitam verərək silah satışını yenidən bərpa etmiş oldu. Rusiya XİN başçısı Sergey Lavrov mətbuata açıqlamasında “BMT-nin qəbul etdiyi qətnamədə raket sistemləri ilə bağlı müddəanın olmadığını” və bu raket kompleksinin İranın hava müdafiəsi üçün çox böyük əhəmiyyət daşıdığını vurğuladı.[iii]

Rəsmi Tehran üçün bu razılaşma yenilik deyil. Dövlət rəsmiləri bu razılaşmanı 2007-ci il razılaşmasının davamı olaraq görür və Rusiyanın gec də olsa müqavilə şərtlərinə əməl etməsini təbii sayırlar. Hətta bəzi mənbələrə inansaq, İran “S-300” raket kompleksindənsə daha çox yeni və müasirləşdirilmiş “S-500” raket sisteminə maraq göstərir. Rusiyalı hərbi ekspertlər isə “S-300”-dən əlavə İrana “S-500” raket sistemlərinin də göndərilməsi faktını istisna etmir.

Rusiyanın “Lenta.ru” elektron nəşrinin məlumatına görə, raket sistemlərinin satışının bərpası barədə ilk danışıqlar hələ bu ilin yanvar ayında başlamışdı.[iv] Rusiya müdafiə naziri general Sergey Şoyqu İrana rəsmi səfəri zamanı öz həmkarı general Hüseyn Dehqani ilə görüşmüş və “S-300” zenit-raket kompleksi ilə bağlı yeni razılığa gəlmişdi. Lakin görüş bağlı qapılar arxasında keçdiyindən müqavilənin digər şərtləri hələ də naməlum olaraq qalmaqdadır.

Maraqlısı odur ki, İranla imzalanan yeni müqavilə ilə bağlı Rusiyada müxtəlif cür fikirlər səsləndirilməkdədir. İstefada olan general-polkovnik Leonid İvaşova görə, Rusiyanın “S-300” raket kompleksini İrana satması elə də uğurlu bir qərar deyil. Unutmaq lazım deyil ki, İran müttəfiq ölkə olsa da regionda maraqlarını hər şeydən üstün tutur və maraqları naminə də Moskva ilə münasibətlərini kəsə bilər. Qərb ölkələri ilə aparılan nüvə danışıqlarının uğurlu nəticələnməsi və sanksiyaların yumşaldılması İranın bu regionda təsirinin artmasına və Moskva ilə açıq rəqabətə başlamasına səbəb ola bilər.

Bütün bu sadalananlara rəğmən qeyd etmək lazımdır ki, İrana qarşı olan sanksiyaların aradan götürülmədiyi təqdirdə bu ölkəyə kütləvi silah və ya texnika satışı qeyri-mümkündür. Bu kontekstdə isə ABŞ və Qərb hər vəchlə rəsmi Moskvaya təzyiqlər göstərərək müqavilənin yenidən xitam verilməsinə çalışacaqlar.

Fuad Şahbazov

Newtimes.az

_____________________________________________________

[i] Abc news: Russia Lifts Ban on Delivery of S-300 Missiles to Iran; URL:http://abcnews.go.com/International/wireStory/russia-lifts-ban-delivery-300-missiles-iran-30277035

[ii] Al-Monitor: Russia eyes Iranian arms deal after Lausanne; URL: http://www.al-monitor.com/pulse/originals/2015/04/iran-s300-sale.html#

[iii] Russian MFA: Statement by Foreign Minister Sergey Lavrov on the Russian President’s decision to lift the ban on selling S-300 surface-to-air missile systems to Iran, Moscow, April 13, 2015; URL:http://www.mid.ru/bdomp/brp_4.nsf/e78a48070f128a7b43256999005bcbb3/184e078bbdc6a85d43257e2700448cef!-OpenDocument

[iv] Lenta.ru: Россия и Иран возобновят переговоры о поставке комплексов С-300; URL:http://lenta.ru/news/2015/01/21/s300/