Ukrayna böhranı üçün “B” planı?

10615542_1068101419882337_6766050034591156179_n

“Rusiya dərhal Ukraynanın şərqində fəaliyyət göstərən separatçılara silah ötürməyi dayandırmalı və atəşkəs haqqında düşünməlidir”. Bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko yanvar ayının sonlarında Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edərkən səsləndirib.[i] Bu bəyanatın səsləndirməsindən cəmi 2 gün əvvəl isə Donetskdə atılan raket zərbəsi ilə bir troleybus içindəki mülki vətəndaşlarla birgə məhv edilmişdi.

Yanvar ayından etibarən Ukrayna hökumət qoşunlarının münaqişəli regionlarda əks-hücum əməliyyatlarına cavab olaraq, separatçılar bölgəni ağır artilleriya qurğularından atəşə tutmuşdu. Rəsmi olmayan məlumatlara görə, mülki vətəndaşlar arasında qurbanların say 3 mini ötüb.

Demokratik seçkilər nəticəsində hakimiyyətə gələn yeni hökumət kabineti seçicilərə vətəndaş müharibəsinin ən qısa zamanda başa çatacağını vəd etsə də, görünür, yeni hökumət vədinə 2015-ci ildə də əməl edə bilməyəcək. Qurulan planların əksinə getdikcə uzanan vətəndaş müharibəsi onsuz da iqtisadi cəhətdən zəif olan Ukraynanı olduqca ağır vəziyyətə salır. Keçmiş enerji partnyoru Rusiyanın təbii qazı kəsməsi də bunlara əlavə edildikdə yeni hökumətin defolt elan etməsi heç də şübhə doğurmur.

Bunları nəzərə alan Avropa Birliyi, Ukrayna hökumətinin və təbii olaraq ABŞ-ın təzyiqləri altında ölkəyə əlavə 1,8 milyard dollar həcmində yenidən maliyyə yardımı edilməsi ilə bağlı qərar qəbul etdi, lakin maraqlıdır ki, Ukraynanın Avropa Birliyinə üzvlüyü ilə əlaqədar variantlar paketi təklif etmədi.[ii]

Keçən ilin noyabr ayında Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer keçirdiyi mətbuat konfransında jurnalistlərin Ukrayna məsələsi ilə bağlı suallarını cavablandırarkən bu ölkənin Avropa Birliyindəki üzvlüyü ilə bağlı ciddi şübhələrinin olduğunu da açıq şəkildə bəyan etdi.[iii]

“Soyuq müharibənin” sona çatmasından 25 il sonra ABŞ-ın Avropadakı təsir dayaqları zəifləmiş və nəticədə, regionda geosiyasi risklər əmələr gəlmişdi. Bu risklərin əksəriyyəti Yaxın Şərq və müəyyən dərəcədə də Avropadadır. ABŞ və AB dünyada beynəlxalq təhlükəsizliyin mühafizəsi uğrunda birgə fəaliyyət göstərməli olsalar da, hazırkı vəziyyətdə tərəflər regional təhlükəsizliyin qorunması ilə bağlı ciddi problemlər yaşayırlar.

Kosovo və Liviyada keçirilən NATO hərbi əməliyyatlarda Böyük Britaniya və Fransanın xüsusi fəallıq göstərməsi ABŞ hakim dairələrinin razılığına səbəb olmuşdu. Adı çəkilən ölkələrin Yaxın Şərqin yeni real təhlükəsinə çevrilən İŞİD-ə qarşı aparılan mübarizədə fəallıq göstərəcəyini ümid edən Amerika hakim dairələri təəssüf ki, acı reallıqla barışmalı oldular. Qeyri-rəsmi məlumatlara əsasən, 2011-ci ildə Liviyada Qəddafi rejiminə qarşı həyata keçirilən hava əməliyyatlarının 90%-i Fransa hərbi hava qüvvələrinin payına düşsə də, İraqın Mosul və Kobani (Ayn əl-Ərəb) bölgələrində İŞİD-ə qarşı təşkil edilən hava hücumlarının yalnız 120-si Fransa hərbi qüvvələrinin payına düşürdü. Burdan belə bir nəticə çıxarmaq olar ki, Avropa ölkələri hazırda öz milli təhlükəsizlik məsələləri ilə bağlı daha ciddi narahatlıqlar yaşayırlar.

2014-cü il ərzində Avropada cərəyan edən bütün siyasi proseslər onu sübut edir ki, hazırda Avropa Birliyinə daxil olan ölkələr öz sərhədlərində mümkün olacaq istənilən real və ya potensial təhlükələri aradan qaldırmaq və qarşısını almaq üçün daha effektiv və çevik fəaliyyət mexanizmləri tərtib etməlidirlər.

Fuad Şahbazov: Newtimes.az

[i] Reuters: “Russia has 9,000 troops in Ukraine, Poroshenko tells Davos forum” URL:http://www.reuters.com/article/2015/01/21/us-ukraine-crisis-davos-poroshenko-idUSKBN0KU1TX20150121

[ii] Lenta.ru: “Еврокомиссия пообещала Украине 1,8 миллиарда евро” URL:http://lenta.ru/news/2015/01/08/eurocomission/

[iii] Spiegel Online: “Frank-Walter Steinmeier about Ukraine – Russia crisis” URL:http://www.spiegel.de/international/europe/german-foreign-minister-steinmeier-on-russia-and-ukraine-a-1004891.html