“Atəşkəs Suriyaya müsbət nəticələr verməyəcək”

Screenshot 2016-02-14 00.42.44

“Şübhəsizdir ki, bu il Münhen təhlükəsizlik konfransının əsas müzakirə mövzusu Suriya, xüsusən də Hələbdə yaşanan dramatik olaylardır. Hələb şəhəri Rusiya aviasiyası və Əsəd qüvvələri tərəfindən artq 1 aydan uzun müddətdir ki, blokadaya alınıb”.

Bu sözləri GSR.fm-ə Münhendə Suriyada atəşin dayandırılmasına dair razılığın  əldə edilməsi məsələsini şərh edərkən Yaxın Şərq üzrə araşdırmaçı Fuad Şahbazov deyib:

“Düşünürəm ki, qarşısıalınmaz humanitar fəlakətin fəsadları qlobal gücləri atəşkəs razılığına gəlməyə vadar etdi. İmzalanan razılığa əsasən ölkə ərazisində 1 həftəlik atəşkəs elan edilir, Suriyanın statusu ilə bağlı 6 ay ərzində müxalifət partiyaların və Əsəd rejiminin nümayəndələri arasında danışıqlar aparılmalı və ölkədə yeni seçkilər keçirilməlidir. Lakin bu atəşkəsin Suriya üçün elə də mühüm müsbət nəticələr verəcəyini zənn etmirəm. Çünki razılığa diqqət etsək, orada Rusiyanın bombardmanı dayandırması haqqında heç bir müddəa yoxdur və bu da o deməkdir ki, Rusiya aviasiyası hələ də sivil insanların yaşadığı əraziləri bombardman etməyə davam edəcək ki, bu da humanitar fəlakətin görünməmiş pilləyə sürükləyəcək. Suriyada atəşkəsin və ümumən vəziyyətin nisbətən düzəlməsi üçün hər iki tərəfin nümayəndələri Cenevrədəki danışıqlara yenidən getməli və ortaq məxrəcə gəlməlidirlər. Həmçinin danışıqlar vasitəsilə Əsəd rejiminə təzyiq göstərilməlidir ki, onlar blokadaya alınan şəhərlərə humanitar yardımların getməsinə əngəl törətməsinlər əks təqdirdə bu danışıqlar da Suriya məsələsində heç bir müsbət dəyişikliyə yol açmayacaq”.

Fuad bəy Rusiya XİN rəhbəri Sergey Lavrovun “Atəşkəs rejimi BMT TŞ-i tərəfindən terror təşkilatları kimi tanınan qruplaşmalara şamil edilməyəcək” fikrinə  öz münasibətini də bildirdi:

“Terror qruplaşmaları rəsmi Kremlin Suriyadakı varlığına “legitimlik” qazandıran əsas arqumentlərdən biridir. Lavrovun bəyanatında qeyd edilir ki, Əl-Nüsrə cəhbəsi, Ceyş-əl-Fəth və Əhrar-əl-Şam kimi qruplaşmalara qarşı mübarizə davam etdirələcək. Bu anlaşılandır. Çünki Əsəd rejiminin əsas baş ağrısı Əl-Nüsrə cəhbəsidir. Bu təşkilat Suriyada döyüşən bütün qruplaşmalar arasında ən döyüşkəni hesab edilir, İŞİD-dən belə. Onun dayaqlarının zəiflədilməsi rejimin gələcəyi baxımından da önəmlidir”.

Araşdırmaçının sözlərinə görə, tərəflər arasında razılıq əldə edilməsi Avropanın təhlükəsizliyi baxımından həyati önəm daşıyır:

“Xüsusi bir proqnoz vermək çətindir, çünki indiyə kimi Cenevrədə tərəflər arasında keçirilən 2 görüş demək olar ki, nəticəsiz qalıb. Tərəflərin bir birinə münasibətdə güzəştə getməmələri habelə ölkə ərazisində xarici dövlətlərin hərbi birləşmələrinin mövcudluğu Suriyanın taleyini də onlardan asılı vəziyyətə gətirib çıxarır. Güman edirəm ki, bu dəfə də Əsədin və rejiminin gələcəyi ilə bağlı razılıq əldə edilə bilməyəcək. Suriya münaqişəsinin həlli isə əsasən bu faktordan asılıdır və Münhendəki konfrans məncə bu məsələ barədə razılıq əldə etmək üçün hər iki tərəf üçün son şans olacaq. Bundan əlavə razılığın əldə edilməsi Avropanın təhlükəsizliyi baxımından da həyati önəm daşıyır, çünki son 1 ildə 1 milyondan çox qaçqının Avropaya axını bu ölkələri fəlakətlə üz-üzə qoyub. Təsadüfi deyil ki, ABŞ-ın bu məsələdə Avropadakı tərəfdaşlarına aktiv dəstək göstərməməsi çoxlu sərt tənqidlərə yol açıb”.