Suriyada rus əsgərlərinin hərbi əməliyyatlarda iştirakı Vaşinqtonu narahat edirmi?

Syrian-soldiersBir neçə həftə öncə bir qrup rusiyalı gənc bloqqerlər Suriyadakı hərbi əməliyyatlarda iştirak edən rus əsgərlərinin fotoşəkillərini sosial mediada paylaşmış və bununla da arası kəsilməyən yeni suallar doğurmuşdular. Həqiqətənmi Rusiya, Ukraynanın şərqindəki əməliyyatlardan əlavə öz döyüşçülərini Suriyada “anti-terror” əməliyyatlarında iştirak üçün bu bölgəyə göndərib?

Moskva – Tehran – Vaşinqton üçbucağında heç kimə sirr deyil ki, Suriya lideri Bəşər Əsədin gücü artıq tam tükənib. Suriya hökümət qoşunları bir müddət Hələb – Dəraa istiqamətində əks-hücumla bir sıra yaşayış məntəqələrini qaytara bilmişdisə də, İslam Xilafəti (İŞİD) döyüşçüləri çox sürətli bir şəkildə bütün əraziləri yenidən ələ keçirə bildi. Bəşir Əsəd administrasiyası artıq sadəcə Dəməşq və onun ətrafındakı xırda yaşayış məntəqələrinə nəzarət edir. Hadisələrin bu şəkildə formalaşması isə Moskva üçün çox gözlənilməz oldu.

Rəsmi Vaşinqton isə çox güman ki, “Vladimir Putinin Suriya gedişini” özünün Yaxın Şərq siyasətindəki növbəti məğlubiyyəti olaraq qəbul edir. ABŞ Prezidentinin Yaxın Şərqdəki “anti-terror” məsələləri üzrə xüsusi nümayəndəsi Con Allen, rus döyüşçülərinin Bəşir Əsəd ordusu sıralarında vuruşmasını beynəlxalq hüquqlara ziddi bir hal kimi adlandırıb.

Dəməşqdəki rejimin hazırda hərbi əməliyyatlarda uğur qazanması Moskva üçün çox önəmlidir. Qərblə münasibətlərin bərbad olduğu bu an – rəsmi Kreml Şərqdəki nüfuzunun heçə endirilməməsi üçün əlindən gələnir edir. Həmçinin, V.Putin öz qərbli həmkarlarını inandırmağa çalışır ki, İraqda və Liviyada rejimlərin devrilməsi necə Şərqdə bir xaos yaratdıysa, Əsəd rejiminin də devrilməsi Şərqdə qarşısı alınmaz bir vakuum yaradacaq. Kreml, Suriyaya rus hərbçilərinnin göndərilməsi barədə heç bir məlumat yaymasa da, yayılan məlumatları da təkzib etmir. Nəzərə alsaq ki, cəmi 4 il əvvəl – 2011-ci ildə Tartus limanında Rusiyaya məxsus material-texniki təminat hərbi obyektinin cəmi 4 hərbi qulluqçusu var idisə də, hazırda sosial şəbəkələrdə yayılan fotoşəkillərdə yüzlərlə hərbi qulluqçunun olduğu aydınlaşır.

Rusiya XİN başçısı Sergey Lavrov isə xarici jurnalistlərin verdiyi suallara cavab olaraq, “Rusiya heç vaxt öz müttəfiqlərini tərk etmir. Biz sonuna kimi Suriyaya hərbi və maddi dəstəyimizi dayandırmaq niyyətində deyilik” bildirmişdi. Ağ evin bu proseslərə passiv reaksiya verməsi onun sübut edir ki, hələ Obama administrasiyası, Moskvanın bu bölgədəki hərbi fəalliğının artması ilə bağlı vahid bir strategiya formalaşdırmayıb. Vaşinqton hələ ki, sadəcə Bolqarıstan, Yunanıstan hökümətlərinə təzyiq göstərərək rus hərbi təyyarələrinə bölgədə uçuş qadağası qoyması ilə kifayətlənib. İndi Rus hərbi təyyarələri daha uzun marşrutla (Qafqaz, İran və İraqın İŞİD tərəfindən işğal edilməyən tərəfi) Suriyaya uçmalı olurlar.

Moskva Bəşir Əsədin durumunun ağırlığını dərk edir. Çünki Dəməşq rejimi maddi resurlarından əlavə insan resursları da tükənmək üzrədir. Təxmini hesablamalara görə Əsəd ordusu bu 4 illik müharibə ərzində 300.000 çox döyüşçüsünü və xeyli sayda hərbi texnika itirib. Putin adiministrasiyası Bəşir Əsəd rejiminin qorunub saxlanması üçün inanılmaz həcmdə investisiya qoyduğu üçün onu taleyin pəncəsinə ata bilmir. Vəziyyətin kimin xeyrinə dəyişəcəyi hələ də tam məlum deyil. Çünki rus qoşunlarının bu bölgədə sayının artması təkcə Vaşinqtonu yox, rəsmi Təl-Əvivi də olduqca narahat edir.