Başika uğrunda alovlanan Türkiyə – İraq qarşıdurması

Photo: Reuters
Photo: Reuters

Türkiyə Silahlı Qüvvələrinin bu ilin avqust ayında başlatdığı “Fərat Qalxanı” əməliyyatının bir parçası olaraq İraqa da qoşun yeritməsi təkcə rəsmi Bağdadı yox, Ağ Evdə də ciddi narahatlıqlar yaratdı.

Türk ordusunun şimali İraqa zirehli texnika yeritməsi İraq parlamentində birmənalı qarşılanmadı.

Buna cavab olaraq ölkə parlamenti İraqdakı türk əsgərinin varlığını “beynəlxalq hüquqa zidd” bir addım kimi qiymətləndirdi. Türkiyə tərəfi isə öz növbəsində İraqlı həmkarlarını sərt şəkildə tənqid edərək bunu regional təhlükəsizlik baxımından zəruri bir addım olduğu haqda bəyanat yaydı.

Türkiyə Silahlı Qüvvələrinin İŞİD nəzarətindəki Mosuldan 25 km aralıdakı yerləşən Başika düşərgəsində radikal terror təşkilatlarına qarşı vuruşan “peşmərgə” qüvvələrinə hərbi təlim keçməsi Abadi hökümətini təşvişə salır.

Peşmərgəyə hərbi təlimlər

Qeyri-rəsmi məlumata görə Başikada 400-ə yaxın türk xüsusi təyinatlı komandosu kürd peşmərgə dəstələrinə hərbi təlimlər keçərək yaxın zamanda Mosulun azad edilməsi uğrunda hərbi əməliyyata hazırlaşır. Rəsmi Ankara hələ bununla bağlı rəsmi məlumat verməsə də xəbəri təkzib etməyib.

3 gün öncə isə Başikaya türk ordusuna məxsus 25 tankın da gətirilməsindən sonra İraq – Türkiyə qarşıdurması yenidən dərinləşdi. Türkiyənin şimali İraqdakı hərbi varlığı “qlobal terrorla” mübarizə kontekstində böyük əhəmiyyət kəsb etsə belə, iki ölkə arasındakı ziddiyətləri daha da qəlizləşdirir.

_91556146_syria_turkey_kurds_v12_624map_ws_azeri

Hətta bu ziddiyət yeni regional müharibəyə də gətirib çıxara bilər. Lakin belə görünür ki, Türkiyə təfəri İraq parlamentinin tələblərini elə də ciddiyə almır. Bunu da qeyd etmək lazımdır ki, türk ordusunun Mosulun azad edilməsi əməliyyatında iştirakı strateji baxımdan çox böyük əhəmiyyət kəsb edir.

İraq ordusunun və şiə milis dəstələrinin döyüş hazırlığı nəzərə alındıqda hərbi əməliyyatın necə nəticələnəcəyini öncədən təxmin etmək elə də çətin deyil.

Mosulun terrorçulardan geri alınması əməliyyatının dəqiq vaxtı bilinməsə də bu əməliyyatın bir neçə mərhələdən ibarət olacağı şübhə doğurmur.

İyul ayında müttəfiq ölkələrin yardımı ilə Mosuldan 60 km aralıda yerləşən Kayarah hərbi bazası İŞİD-çilərdən geri alınmışdı. Məhz bu hava bazasının da Mosul əməliyyatı zamanı türk ordusunun loqistika mərkəzi kimi istifadə ediləcəyi ehtimalı da çox yüksəkdir. Bununla da türk əsgərinin İraqdakı varlığının say baxımından yaxın zamanda artacağı qaçınılmazdır.

Bununla belə Türkiyə baş nazirinin müavini Numan Kurtuluş “Türk ordusunun İraqa işğal məqsədi ilə yox kömək məqsədi ilə girdiyini və buna görə də İraq parlamentinin düşmən münasibətini başa düşmədiyini” bildirdi.

Digər maraqlı məqamlardan biri də Başikadakı hərbi düşərgənin vaxtilə baş nazir Abadinin xahişi ilə qurulmasıdır. İraqda səngiməyən daxili çəkişmələr və radikal İslam təşkilatlarının güclənməsi nəticəsində rəsmi Bağdad Başikada yeni hərbi düşərgənin yaradılmasını vacib bir məsələ adlandırmışdı.

Mosul əməliyyatına hazırlıq

Nəticədə İraq ordusunun zabitləri, kürd peşmərgə dəstələri bu düşərgədə türk hərbçilərinin təlimlərində iştirak edirdilər. Buna görə də İraq parlamentinin birdən birə bu düşərgə ilə bağlı düşüncələrinin mənfi istiqamətdə dəyişməsi prezident Recep Tayyip Erdoğanın da sərt tənqidinə səbəb oldu.

Qarşıdan gələn Mosul əməliyyatına hazırlıqlar ciddi şəkildə gedir. Terrora qarşı beynəlxalq koalisiyanın üzvü olan ölkələrin də əməliyyatda iştirak edəcəyi artıq məlumdur. Məsud Bərzaniyə loyal peşmərgələrin də əməliyyatda iştirak etdiyi bir vaxtda Türkiyə bölgənin aparıcı ölkəsi olaraq oyundan kənarda qalmağı düşünmür.

Həmçinin Qərb ölkələri də yaxşı başa düşürlər ki, Suriya və İraqdakı əməliyyatların müvəffəqiyyət qazanması üçün peşəkar bir ordunun – türk ordusunun iştirakı çox vacibdir. ABŞ Türkiyənin İraqdakı hərbi varlığının artmasından narahatlıq hissi keçirsə də hələ bir müddət daha bununla bağlı ciddi diplomatik qalmaqalın yaranacağını demək çətindir.

ABŞ və İraqdan savayı İraq Kürdüstanı lideri Məsud Bərzaninin də son aylarda yürütdüyü Türkiyəyönümlü siyasəti onu göstərir ki, regional oyunçular hələ bir müddət daha Türkiyənin bölgədəki hərbi varlığından maksimum şəkildə yararlanmağa çalışacaqlar.