Yəmən: tarixi parçalanma və yeni radikal dalğa

cats

Bütün dünyada geniş əks-sədaya səbəb olan “Ərəb baharı” hadisələrinin üzərindən artıq bir neçə il keçsə də geridə qalan xaos və anarxiya regionu bütünlüklə təhdid altında saxlamağa davam edir. İnqilabın avtoritar rejimləri devirdiyi Liviya, Yəmən, İraq hələ də siyasi dağınıqlıq dövrünün ən ağrılı günlərini yaşamaqda davam edirlər.

Suriyada davam edən qanlı vətəndaş müharibəsi kontekstində Yəməndə baş verən hadisələr dünya ictimaiyyətinin diqqətindən yayınır. Uzun illər ölkəni dəmir yumruq siyasəti ilə idarə edən general Əli-Abdulla Saleh sonunda ordu birləşmələrinin və prezident qvardiyasının da xalq kütlələrinin tərəfinə keçməsi ilə son dayaqlarını itirmiş və 2011-ci ildə hüquqi immunitet şərti adı altında istefaya getməyə razılıq vermişdi[i].

Uzunmüddətli diktatura rejiminin sona çatması ilə qurulan keçid şurası müvəqqəti prezident təyin etmiş, daha sonra ümumxalq səsverməsi ilə yeni prezident seçilmişdi. Lakin bu demokratik addım gözlənilənlərin əksinə olaraq yeni daxili münaqişələr üçün katalizator rolunu oynadı. Belə ki, “husilər” adlandırılan və zeydilər məzhəbinə mənsub yerli şiə qruplaşmaları yeni hökumətin tərkibi ilə qətiyyən razı olmadıqlarını bildirdilər və kabinetin tərkibinin dəyişdirilməsini tələb etdilər. Hökumətin etirazı ilə də 2014-cü ilin noyabr ayından etibarən radikal şiə təşkilatı “Ənsar Allah” rəsmi Sənaya qarşı cihad elan etdi[ii].

Yəmənin çox böyük bir hissəsi əsasən sünni ərəblərdən ibarətdir. Azlıq təşkil edən zeydi şiələri isə ölkənin şimalında kompakt halda yaşamaqdadırlar. Uzun illər boyu bu şiələr İranın “şiə siyasətinin” təsiri altında qalıblar və istisna deyil ki, “Ənsar Allah” adlandırılan radikal şiə təşkilatı rəsmi Tehrandan maddi-texniki və hərbi dəstək almaqdadır. Halbuki “husilər” bu ittihamı qəti şəkildə rədd edir və özlərinin sünni ərəblər tərəfindən təzyiqlərə məruz qalaraq sıxışdırıldıqlarını iddia edirlər.

Münaqişənin yeni dalğası 2014-cü ildə başladı. Formal olaraq şiələrin münaqişəyə başlamasına səbəb ölkədəki benzinin qiymətlərinin bahalaşması oldu[iii]. Əvvəlcə hökumət idarələrinin qarşısında etiraz aksiyası keçirənlər hökumətin korrupsiya bataqlığında batdığını və ölkəni idarə etmək iqtidarında olmadığını bildirdilər. Məhz bu mərhələdə meydana çıxan “Ənsar Allah” qruplaşmasının qeyri-rəsmi mənbələrə görə artıq 100.000-ə yaxın döyüşçüsü var idi.

Sentyabr ayının 21-də “husilər” ölkənin şimali-qərb hissəsindəki mühafazları (əyalət) nəzarət altına alaraq, paytaxt Sənanın bir neçə rayonunu zəbt etdilər. Prezident Mənsur Hadi çıxılmaz vəziyyətdə qalaraq şiələrlə danışıqlara getmək istədi və onlara yeni qurulacaq hökumətdə 6 nazir postu vəd etdi. Bu şərt Husiləri qane etmədi.

2015-ci ilin yanvar ayından vəziyyət daha da mürəkkəbləşdi. Husilər prezident administrasiyasının rəhbəri Əhməd bin Mübarəki qaçıraraq prezident sarayını mühasirəyə aldılar. 22 yanvar tarixində prezident Mənsur Hadi və baş nazir “könüllü” şəkildə vəzifələrindən istefa verdilər. Yəməndə başlayan siyasi dağınıqlıq özünün ən pik nöqtəsinə də beləcə çatmış oldu[iv].

Bəs belə qısa zamanda ölkənin 80%-dən çoxuna nəzarət edən husilərin qələbə sirri nədə idi[v]? Təbii ki, sirrin ən böyüyü və məncə, ən əsası rəsmi Tehranın qruplaşmaya olan dəstəyi və birbaşa yardımıdır. Özlərini “Allahın partizanları” adlandıran husilər isə bu iddianı qəbul etmirlər. Hələ bütün bu hadisələr baş verməzdən aylar öncə mətbuatda yayılan bir bəyanat tezliklə unudulsa belə olduqca maraqlı idi[vi]. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi yerli mətbuat orqanlarından birinə verdiyi müsahibədə “Səna şəhərini İranın təsiri altında olan 4-cü paytaxt” adlandrmışdı. Bundan sonra isə İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Əli Şirazi husiləri dinin düşmənlərinə qarşı çarpışan “qəhrəmanlar” kimi təsvir etmişdi.

Lakin sadalanan bütün nüansların ən önəmlisi, əlbəttə, strateji müharibədir. Yəmən Qırmızı dəniz və Ədən körfəzinə birbaşa çıxışı olan ölkədir və çox böyük strateji əhəmiyyətə malikdir. İran bu yolla əsas rəqibi Səudiyyə Ərəbistanını çevrəyə alaraq məğlub etmək niyyətindədir. Çünki Yəməni təsiri altına almaqla rəsmi Tehran Qırmızı dənizdən keçən əsas ticarət yollarını da idarə etmək iqtidarında olacaqdır.

Daxili münaqişənin sırf siyasi və hərbi səbəblərdən baş verdiyini iddia etmək də düzgün deyil. Yəməndə husilərin qiyamı əsas ölçüdə iqtisadi və sosial səbəblərlə də sıx bağlıdır. Yəmən dünyanın ən kasıb ölkələri siyahısındadır və ölkə əhalisinin 45%-dən çoxu aclıq və susuzluqdan əziyyət çəkir. Hər cür sosial və iqtisadi yardımdan məhrum olan bu insanlar husilərin qiyamını rəğbətlə qarşıladı.

Husilərin indidən yeni hakimiyyətin təmsilçiləri olduqlarını və ya sadəcə azadlıq mübarizləri olduqlarını müəyyənləşdirmək çətindir. Qəribədir, amma təşkilatın özü belə sonrakı ssenari barədə düşünmür. Bu da bir çox mütəxəssisin ağlında sual işarələri doğurur. Radikal şiələr regionda hələ də gücünü qoruyan radikal sünni “əl-Qaidə”yə qarşı mübarizədə Qərblə əməkdaşlıq edəcəkmi, Amerika və onun müttəfiqləri “Ənsar Allah”-la əməkdaşlıq edəcəkmi? Bu hələ də naməlum olaraq qalmaqdadır.

Türkçe versiyon için tıklayın

Fuad Şahbazov

Newtimes.az

_____________________________________________________

[i] “Yemen president ‘to step down'”. Al Jazeera English. 8 October 2011. URL:http://www.aljazeera.com/news/middleeast/2015/02/yemen-houthi-rebels-announce-presidential-council-150206122736448.html

[ii] Парламент Йемена проведёт в субботу голосование по отставке президента:http://ria.ru/arab_ye/20150122/1043849187.html

[iii] 1000s of Yemenis stage massive anti-government protest”. PressTV. Aug 18, 2014. URL:http://www.presstv.ir/detail/2014/08/18/375787/yeminis-hold-antigovernment-rally/

[iv] Sultan, Nabil (10 July 2004). Rebels have Yemen on the hopAsia Times Online. URL:http://www.atimes.com/atimes/Middle_East/FG10Ak02.html

[v] Yemen’s Houthis form own government in Sanaa”. Al Jazeera. 6 February 2015. URL:http://www.aljazeera.com/news/middleeast/2015/02/yemen-houthi-rebels-announce-presidential-council-150206122736448.html

[vi] Yemen’s war: Pity those caught in the middle, URL: http://www.economist.com/node/14920092