“‪‎İtaliyanı‬ gəzdikdə heç gözləmədiyin bir yerdə ‪‎azərbaycanlılara‬ aid nə isə bir abidə görmək mümkündür”

Fuad ŞAHBAZOV (foto şəxsi arxivdən)

Fuad Şahbazov: “İtaliyanı gəzdikdə heç gözləmədiyin bir yerdə azərbaycanlılara aid nə isə bir abidə görmək mümkündür”

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı adı öncüllər sırasında sadalanan aktiv tələbəmiz Fuad Şahbazovdur.
-Özünüz barədə ətraflı məlumat verərdiniz.

-Mən – Şahbazov Fuad 1991-cı il dekabrın 7-də Bakıda müəllim ailəsində anadan olmuşam. 1998-ci ildə N.Nərimanov adına 45 saylı orta məktəbin 1-ci sinfinə getmişəm, 2009-cu ildə məktəbi müvəffəqiyyətlə bitirdim. Orta təhsil illərindən ictimai işlərdə iştirak etməyə başlamışdım. 2 dəfə məktəblərarası bilik olimpiadasında “Tarix” fənni üzrə1-ci yerə layiq görülərək məktəbimə qalibiyyət gətirmişəm.

Orta məktəb illərində xüsusilə fərqlənməyə çalışırdım, çünki valideynlərimin mənə daim aşıladıqları bircə prinsip var idi – “Həyatda heç nə asan əldə edilmir, həyatdan istədiyini qoparmaq lazımdır”. Bu söz indi də mənim devizimdir və bu gün də gördüyüm bütün işləri və nailiyyətləri məhz bu devizin sayəsində əldə etmişəm. Valideynlərim mənə hərtərəfli təhsil verməyə çalışırdılar. Məktəbdən əlavə peşəkar üzgüçülüklə məşğul olur, Qara Qarayev adına musiqi kollecində “skripka və fortepiano” alətləri üzrə də tədris görürdüm. Üzgüçülükdə peşəkar qələbə əldə etsəm də, idmançı və ya musiqiçi olmaq niyyətində deyildim.
2009-cu ildə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə daxil oldum. Bu ixtisası sevirəm, çünki diplomatik xidmət həmişə mənim xəyallarımı bəzəyən bir peşə olub. Bu gün də o xəyalıma doğru çətin də olsa inamla addımlayıram. 2013-cü ilin əvvəllərində ixtisasım üzrə Yaxın Şərq regionu ilə bağlı ciddi araşdırmalara başladım, yerli və xarici mütəxəssislərlə görüşüb, maraqlı materiallar əldə etdim və nəticədə Azərbaycan dilində çap edilən ilk “Suriya 1946-2012” adlı kitabımı nəşr etdirdim. Kitab bu mövzu ilə bağlı doğma dilimizdə ilk vəsait olduğundan gözlədiyimdən daha böyük uğur qazandı.
Məsələn, kitaba rəy verənlər arasında İstanbul Universitetinin professoru – şərqşünsas Məhəmməd Mərcan, Con Hopkins Universitetindən Cenk Sidar və Böyük Britaniya Kral Elmlər Akademiyasının əməkdaşı – professor Areef Naim kimi simalar var idi. Hazırda da xarici siyasət və tarixlə bağlı araşdırmalarıma davam edirəm. Araşdırmalarım Avropanın bir sıra ölkələrində nəşr edilir. Avropa təhlükəsizliyinə dair son araşdırmam İsveçin nüfuzlu İSS İnstitutu tərəfindən nəşr edilib.

– Necə oldu ki, kitab yazmaq qərarına gəldiniz və ya niyə məhz Suriyanı seçdiniz?
-Bilirsiniz, bu sual artıq mənə çox doğma gəlir, çünki kitabı yazmağa başladığım andan etibarən bu sualı mənə verirdilər. Qeyd etdiyim kimi, araşdırma aparmağı çox sevirəm. Xüsusən də ixtisasımla və tarixlə bağlı.

2012-ci ilin yay aylarında iyul-avqust ayı ərzində məni İstanbulda yerləşən Türk-Asiya Strateji Araşdırmalar Mərkəzindən “gənc mütəxəssis” olaraq işə dəvət etdilər. Araşdırmalarım, əsasən SSRİ və Rusiyanın xarici siyasət tarixi ilə bağlı olsa da, İstanbula yerləşdikdən dərhal sonra Yaxın Şərqlə də yaxından maraqlanmağa başladım.

Türkiyənin digər ali məktəblərində çalışan şərqşünas professorlarla və politoloqlarla söhbətlərim oldu. Yığdığım materiallar çox nadir və zəngin olduğundan kitab halına salmağa qərar verdim. Materiallar türk, ingilis, rus və fars dillərində olduğundan tərcümə və daha sonra analizetmə prosesləri vaxt aparsa da işi yekunlaşdıra bildim.

-Bəs niyə məhz təhsil üçün Avropanı seçdiniz?
-2013-cü ildə BSU-da ali təhsilimi başa vurduqdan sonra, Azərbaycan Sərhəd Qoşunları tərkibində həqiqi hərbi xidmət keçdim. Düzünü desəm, təhsil mənim üçün çox önəmli faktor olduğundan onu yarımçıq qoymaq niyyətində deyildim. Təəssüflə də olsa bildirməliyəm ki, bizim ixtisas Azərbaycanda çox geniş yayılmadığından istər maddi-texniki baza, istərsə də peşəkarlıq cəhətdən geri qalır. Bu da məni təhsilimi xaricdə davam etdirməyə sövq edən faktorlardan biri oldu.
Xidmətdən öncə çox götür-qoydan və ailəmin də tövsiyələri ilə Avropada siyasi elmlər ixtisasının magistr dərəcəsinə qəbul oldum. 2014-cü ilin yayından etibarən təhsilimə magistrant olaraq başladım. Çox çalışmışdıım ki, bu 1 il ərzində elmi fəaliyyətimi zəiflətməyim. Hesab edirəm ki, qismən də olsa buna nail ola bildim. Ailəm bu məsələlərdə mənə hər zaman dəstək olub, çünki onlar üçün də təhsil, elm əvəzedilməz bir xəzinədir. Müəllim övladı kimi onlar bunu mənə hər gün xatırladırdılar.

Qazandığım uğurlara görə ömrümün sonuna kimi onlara nə qədər təşəkkür etsəm də azdır. Əvvəldən sırf İtaliyanı düşünürdüm, desəm, yəqin ki, yalan olar. Mən beynəlxalq magistr proqramı çərçivəsində təhsil alıram və 2 il ərzində bir neçə ölkədə təhsilimi davam etdirəcəm. İndiki mərhələdə dayanacağım dünyanın ən qədim ali təhsil ocaqlarından olan Bolonya Universitetidir.

– Bolonya Universiteti haqqında da söz acardınız. Ümumiyyətlə, İtaliyada təhsil sistemi necədir? 

-Bolonya Universiteti Avropanın ilk rəsmi ali təhsil ocağı statusunu daşıyır. Fərqli zamanlarda burada dahi şair Petrarka, Nikkolo Makiavelli, Lorenso Mediçi və İtaliyanın məşhur Orsini ailəsinin nümayəndələri təhsil alıblar. Bizim bu gün dayanmadan işlətdiyimiz “Bolonya sistemi” anlayışı da buradan gəlir. Sistem ilk dəfə XIX əsrdən məhz bu ali təhsil ocağında tətbiq edilməyə başlanıb.
Təhsil sistemi olduqca rahat və sərbəstdir. Mühazirə qrafiki sərbəstdir və yenə bizə doğma olan “seminar” anlayışı mövcud deyil. Hər şey tələbənin mühazirə vaxtı fəallığından, onun danışıq qabiliyyəti və fikrini səlis şəkildə ifadə edə bilməsindən asılıdır. Semestr sonu yazılı imtahanlar olur. Hər tələbə verilən 2 sualı esse şəklində öz fikirləri ilə izah etməli və onu analiz etməlidir. Bu yolla siyasi elmlər üzrə təhsil alan tələbələrdə analitik bacarığı artırmaq nəzərdə tutulur. Çünki bizim sahədə ən önəmli və əvəzedilməz nüans analizetmə qabiliyyətidir.
Təhsil həyatı rahat və sərbəst olsa da İtaliyanın da özünə görə mənfi cəhətləri var. Avropa Birliyinin böyük ölkələr qrupunda İtaliya korrupsiyanın ən yüksək olduğu ölkədir. Korrupsiya demək olar ki, ölkənin bütün həyatına nüfuz edib. Lakin Bolonya Universiteti və bir sıra nüfuzlu universitetlər ölkənin Təhsil Nazirliyinə tabe olmadığı üçün bu tip hallardan özünü sığortalaya bilir.

-Bəs İtalyada digər hansı diqqətçəkən məqamları sadalaya bilərsiniz?

-İtaliya digər Avropa ölkələrindən kəskin şəkildə fərqlənir. İstər iqliminə, istər milli dəyərlərinə, istərsə də insanlarına görə. Çox Avropa ölkəsində insanlar daha soyuqqanlı, daha az emosional olsa da, İtaliya bunun tam əksidir. Bütün olduğum ölkələri müqayisə etsək, bu anlamda İtaliya daha yaşanılası ölkədir. Rəngarəng şəhərlər, yaşıllıq və istiqanlı insanlar. Çox dostpərəst, mehriban və gülərüzdürlər – ən kiçik problemdə də sənə yardım etməyə hazırdırlar.

-Başınıza gələn ən maraqlı, yaddaqalan hadisələr barədə söz açardınız.
-Səbəbini dəqiq izah edə bilməsəm də, italyanlarla azərbaycanlıları bir-birinə bağlayan çox sıx bağlar var. Məsələn, İtaliyanı gəzdikdə heç gözləmədiyin bir yerdə azərbaycanlılara aid nə isə bir abidə görmək mümkündür. Bu yaxınlarda turistik şəhər olan Berqamo şəhərinə səfər etmişdim. Şəhərin dar küçələrini gəzərkən maraqlı bir abidə ilə rastlaşdım. Abidənin üzərindəki yazı italyanca olduğundan yerlilərdən kömək istəməli oldum. Şəhərin yaşlı sakinlərindən biri bildirdi ki, bu abidə “Qəhrəmanca Berqamonun müdafiəsində həlak olmuş 120 azərbaycanlının şərəfinə qoyulub”.

Bir az da araşdırandan sonra öyrəndim ki, II Dünya müharibəsinin sonlarına doğru faşist əsir düşərgəsindən qaçan 120 azərbaycanlı Berqamo şəhərində sığınacaq tapıb. İtalyan faşistlərinin şəhərə yaxınlaşdığını öyrənən soydaşlarımız bu şəhəri və sakinlərini qorumaq qərarına gəlir. Uzun sürən döyüşdə qüvvələr qeyri-bərabər olduğundan döyüşçülər əsir düşür və hamısı edam edilir. Berqamo sakinləri qəhrəman soydaşlarımızın bu hərəkətini unutmur və onların şərəfinə bu abidəni ucaldırlar.
Bunu gördükdə qeyri-ixtiyari insanın içi fəxr hissi ilə dolur.

-Elmi işlərdən başqa ictimai işlərə zaman ayıra bilirsinizmi?
-Təbii ki, elmi fəaliyyətdən əlavə ictimai işlər də mənim həyatımın bir parçasıdır. Hələ Bakıdakı təhsil illərimdə 2010-cu ildə Yeni Gənclik Tələbə Birliyinin həmtəsisçisi və sədri vəzifəsini icra etməklə yanaşı, AEGEE, AİESEC, GEMİ, “Global Shapers”, “Green Baku”, “Lets do it Azerbaijan” kimi təşkilatlarda fəaliyyətim olub. Lakin indi sırf ixtisasım üzrə peşəkarlaşmaq məqsədilə öz sahəmə uyğun olan təşkilat və qurumlarla əməkdaşlıq edirəm.

Bir neçə il ərzində siyasi elmlər üzrə fəaliyyətimi bir neçə xarici qurum və təşkilatlar layiqincə qiymətləndirməyə başladılar və mən Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisindən “Dünya gənc diplomatlarının 2015-ci il görüşündə” (hər il keçirilir) Azərbaycanı təmsil etmək haqda rəsmi təklif aldım. 5 günlük unudulmaz bir tədbirdə mən artıq beynəlxalq sistemin ən yüksək kürsülərindən birindən dünyaya səsləndim. Valideynlərim üçün bu təbii ki, çox qürurverici idi.
Eyni zamanda Bolonya Universitetində bu ayın 12-də fakültənin də dəstəyi ilə “Cənubi Qafqazda təhlükəsizlik” mövzusunda dəyirmi masa təşkil etdim. Qonaq qismində Kolumbiya Universitetindən, Roma Amerikan Universitetindən mütəxəssislər dəvət etmişdim. Tədbir çox uğurlu alındı və fakültə rəhbərliyi də buna görə öz təşəkkürünü bildirdi. Uğurlu bir iş nə qədər yorucu olsa da, sonunda siz zəhmətinizin haqqını layiqincə alırsınız. Bu da sizi sevindirməyə bilməz.

-Bu ölkədə təhsil almaq istəyən gənclərimizə hansı məsləhətləri verərdiniz?
-İtaliyada təhsil almaq istəyənlərə tövsiyəm öncə ixtisas seçiminə diqqət vermələridir. Çünki İtaliyanın və Azərbaycanın ali təhsil dərəcələri olduqca fərqlidir. Tədris metodları da həmçinin. İtaliyada təhsil imkanlarından maksimum yararlanmaq əla fürsətdir və bu fürsəti səmərəli dəyərləndirdikdə tələbənin qarşısında perspektivli qurumların qapıları sonuna qədər açıq olacaq.
Hər iki ölkənin gəncləri arasında müqayisə aparıb deyə bilərəm ki, buradakı gənclər daha çılğın və keflərinə daha düşkündürlər. Eyni zamanda macəra sevən və qayğıkeş də ola bilirlər. Müqayisədə məncə azərbaycanlı gənclər daha mühafizəkar və daha sakit həyat tərzi sürməyin tərəfdarıdırlar.

-Oxuduğunuz sahə üzrə ölkəmizdə vəziyyət necədir?
-Beynəlxalq münasibətlər və siyasi elmlər üzrə bizim ölkədə ali təhsil ocaqları daha yüksək səviyyəli peşəkar yetişdirməlidirlər. Yəni bu cür kadrların daha da çox olmasına diqqət etmək lazımdır. Bunların arasında hələ ki, ADA Universiteti, BDU kimi təhsil ocaqları müsbət yer tutur. Problem isə bu sahədə tədris görən tələbələrin “real politics” anlayışından uzaq olmalarıdır. Mən bu sahəni dərindən sevdiyim üçün universitetdən kənarda da üzərimdə işləməyə davam edirdim və müəyyən anlamda aradakı məsafəni qət etməyə müvəffəq oldum. Lakin digər qrup yoldaşlarım artıq bu sahə üzrə təhsillərini davam etdirmirlər. Çünki onlarda bu sahəyə lazımi maraq və həvəs oyandırılmamışdı.

– Gələcək planlarınız barədə də söz açardınız.
-Bu ixtisas üzrə magistr dərəcəsini aldıqdan sonra ixtisaslaşdığım işlə məşğul olmağı planlayıram. İndidən dəqiq nə edəcəyimi deyə bilmərəm, amma yekun istiqamət təbii ki, fəlsəfə doktoru dərəcəsini qazanmaq və bu sahə üzrə yetişən yeni nəslə yol göstərmək əsas məqsədlərimdən sadəcə bir neçəsidir.

Tural Tağıyev